"İndiki taksi sürücülərində manyaklaşma gedir..." -
    • 17-07-2021, 16:25
    • 687

"İndiki taksi sürücülərində manyaklaşma gedir..." - "Bolt" əməkdaşının əməlinə REAKSİYA

Xəbər verdiyimiz kimi, ötən gün gənc aktrisa Lalə Süleymanova "Bolt" taksi sürücüsünün təcavüzə məruz qalıb. Aktrisa bu haqda sosial şəbəkədə məlumat yazıb və bildirib ki, həmin sürücü ona qarşı əxlaqsız hərəkətlər edib. 


Bu haqda News24.az-a açıqlama verən L.Süleymanova baş verənlərlə bağlı polisə şikayət etdiyini bildirib: "Polisə şikayət etmişəm. Hazırda şikayətimi yazılı şəkildə həyata keçirmək üçün ərizə verməyə gedirəm. Hadisə ötən gün axşam saatlarında, təqribən yeddiyə qalmış baş verib. Məsələ ilə bağlı "Bolt" şirkətinə də sözümü demək üçün zəng etdim, amma telefonlara cavab vermədilər. Bir nəfər tanış vasitəsi ilə şirkətlə əlaqə saxladım. Mənə dedilər ki, guya həmin sürücü artıq işdən azad olunub. Ətraflı məlumatı öyrənmək üçün ofislərinə gedəcəm. Neçə-neçə xanımların başına buna bənzər hallar gəlib".


DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov saytımıza açıqlamasında qeyd edib ki, sözügedən şəxs barədə araşdırma başlanılıb, əgər deyilənlər təsdiqini taparsa, həmin sürücü layiqli cəzasını alacaq.


Nəqliyyat eksperti Elməddin Muradlı da hadisə ilə bağlı öz fikirlərini bölüşüb: "Hazırda bir çox taksi sürücülərin etik davranışları normal deyil, peşəkarlıqları yox dərəcəsindədir. Hətta mən deyərdim ki, çox xaotik bir vəziyyətdir. İdeal sürücü, işçi yoxdur, amma belə hadisələrin yaşanması heç də xoş deyil. İndi yerindən duran bir maşın tapır və olur taksi sürücüsü. Onların arasında narkomanı, manyakı, dəlisi var. Anlamıram, ya indi taksi sürücülərində manyaklaşma gedir, ya da manyaklar taksi sürücülüyü edir. Amma görünən odur ki, vəziyyət çox pisdir. Bu cür hallarla qarşılaşan xanımlara tövsiyə edərdim ki, çantalarında qoruyucu vasitələr daşısınlar. Məsələn, göz yandıran spreylər. Xaricdə demək olar ki, bütün qadınların çantasında belə spreylər olur. Və yaxud da maşında gedərkən qışqırıb kömək istəmək də olar. Hər bir halda bu cür əməlləri olan sürücülər cəzalandırılacaqlar. Amma bununla yanaşı, belə insanların əməlləri ictimailəşdirilməlidir. Çünki onları bütün cəmiyyət tanımalıdır. Bəlkə o zaman digərlərinə görk olar, özlərini yığışdırarlar O cür sürücülərə də demək istəyirəm ki, öz şəhvət hisslərinizin qurbanına çevrilməyin. Heç yana qaçıb gizlənə bilməzsiniz. Harda olsanız, tapacaqlar, özü də ən qısa zamanda. Tapılıb mühakimə olunacaqsınız. Belə səviyyəsiz və axmaq əməllərdən uzaq durun".


Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə bildirib ki, bu cür sürücülər "Bolt" və sairə digər özəl şirkətlərdə rəsmi olaraq çalışmırlar: "Bu cür şirkətlər işə sürücü götürmür. Və orda heç bir əmək müqaviləsindən söhbət belə gedə bilməz. Bu cür şirkətlər aqreqatordur. Yəni, taksi operatorluğu sistemi ilə çalışırlar. Onlar yalnız taksi sürücüsü ilə sərnişin arasında əlaqə yaradır. O taksi sürücüləri heç bir şirkətin əməkdaşı deyil. Ümumiyyətlə, hazırda Azərbaycanda taksi fəaliyyətinin hüquqi təmzinlənməsində ciddi boşluqlar var. Taksi fəaliyyətində nəzarət yox kimidir. Ona görə də, küçədən keçən istənilən adamı o sistemə qoşurlar. Baxmayacaqlar bu adam manyakdır, məhkumdur, yoxsa ideal sürücüdür. Bunun onlar üçün heç bir fərqi yoxdur. Problem də burdan qaynaqlanır. Şirkət əlaqələndirdiyi sürücünü tanımır belə. Onlar nəzarət üçün sürücüdən avtomobilin qeydiyyat şəhadtanaməsini və sürücülük vəsiqəsini istəyirlər, və bununla da kifayətlənirlər. Amma bu, belə olmamalıdır. Bu cür məsələlərdə hüquqi təmzinləməni başa çatdırmaq lazımdır. Həmin şirkətlərin üzərinə öhdəlik qoymaq lazımdır. Onlar qanunvericiliyə uyğun prosesslərdən, xüsusi təlimlərdən keçmədən və fərqlənmə nişanı almadan sürücüləri xidmətə yollamamalıdır. O təlimləri Bakı Nəqliyyat Agentliyi və Dövlət Avtomobil Nəqliyyat Xidməti keçirməlidir. Bu təlimlər də yoxdur. Hər bir xüsusi hazırlığa cəlb olunan sürücüdən mütləq şəkildə sağlamlıq arayışı tələb olunmalıdır. Xüsusi hazırlığın əsas bəndlərindən biri də sürücünün sərnişinlə etik davranma qaydalarını tətbiq etməkdir. Amma çox təssüf ki, dediyim kimi, o kurs bizdə yoxdur. Yaşanan hallar da ona göstərir ki, bu cür sürücülər yaxşı işləyən, özünə, ailəsinə çörəkpulu aparan əməkdaşların işinə kölgə salır".