9 şəhidin xatirəsinə 9 çinar- Bakıda Polad Həşimov parkı - VİDEO
    • 22-07-2021, 18:34
    • 500

9 şəhidin xatirəsinə 9 çinar- Bakıda Polad Həşimov parkı - VİDEO

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi əbədiləşdirilib.

News24.az xəbər verir ki, paytaxtın Xətai rayonunda Milli Qəhrəman, general-mayor Polad Həşimov adına park istifadəyə verilib. Bununla yanaşı, sözügedən parkda Vətən Müharibəsində iştirak etmiş 8 şəhidimizin xatirəsini əks etdirən lövhə də quraşdırılıb.

Paytaxt sakinləri görülən işdən razı olduqlarını və bu təşəbbüsün xüsusilə də gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə təqdirəlayiq bir addım kimi qiymətləndirirlər. 

Parkda azyaşlılar və böyüklərin istirahəti üçün hər cür şərait yaradılıb. Eyni zamanda parkda xatirəsi əbədiləşdirilən 9 şəhidin şərəfinə onların ailə üzvləri 9 çinar ağacı əkib.
Bundan başqa, parkla yanaşı olan üç həyətyanı sahə də abadlaşdırılıb. Burada şahmat, mini futbol meydançaları və uşaqlar üçün əyləncə məkanları yaradılıb. Məlumata görə, həyətyanı sahələr "IDEA" İctimai Birliyinin tövsiyə etdiyi standartlara uyğun şəkildə abadlaşdırılıb.

Qeyd edək ki, açılan park keçmiş Naximov hazırki Polad Həşimov küçəsində salınıb.

Sevda Bayramova
VİDEO: Nurlan Şahbazov