Xarıbülbül ətirli səs - Flora Kərimova
    • 23-07-2021, 18:28
    • 992

Xarıbülbül ətirli səs - Flora Kərimova

Onu uzun illər boyu kənardan izləyib, səsinə, özünə, iradəsinə, gözəlliyinə, zərafətinə həsəd aparıb bir gün həyatda görmək arzusu ilə yaşamışam. 

Təxminən 30 il bundan əvvəl başlayan, günlərlə, illərlə daha da böyüyən sevgidən bəhs edirəm sizə. Bu gün etiraf edən az olsa da, bu durumda olan tək mən olmamışam. 

Günlərin birində bu arzum reallaşdı, onunla üz-üzə gəldim. Həsədlə televiziya ekranlarından izlədiyim, “qarşılaşsaq, necə davranaram” deyə həyəcan keçirdiyim o böyük sənətkarla görüşdüm. Gözlərimdəki sevgi dolu baxışlarımı həssas ürəyi ilə hiss edib məni yanına çağırdı, əlimi tutdu, dedi, sən mənə niyə belə baxırsan? İlk dəfə idi ki, ürəyimdə  ardı-arası kəsilməyən sözlər, cümlələr qururdum, amma birini də dilimə gətirə bilmədim... 



Nə danışacaqdım ki? Onun sənətkarlığı bütün cümlələrdən mükəmməl və möhtəşəm idi. Danışa bilmədiyimi anladı, ona görə də nömrəsini verib ona sonra zəng etməyimi istədi. 2002-ci il, yanvar ayı idi. Bəlkə də həmin günü indi o özü xatırlamır, amma o  mənim həyatımda unudulmaz tarixə çevrildi  ömrümə özəl hadisə kimi yazıldı. 

O gündən bu günə qədər o mənim Flora xanımım, mən onun Ülkər qızı oldum. Bəli, Flora xanım Kərimovanı canlı görməyim mənim üçün böyük və unudulmaz hadisəyə çevrildi. Bir çox dünya ulduzlarının konsertlərində iştirak etmək üçün nə qədər məsafə qət edənlər gördüm, bu konsertlərin biletlərinə minlərlə pul xərcləyənlərə də az rast gəlmədim. 

Sözsüz, onun sənətinin böyüklüyü əlçatandır, onun özünə də bu gün əlimiz çatır. 
Amma bir gün əlimizi uzadanda dünyanın istənilən ulduzuna bu yaşda belə meydan oxuya biləcək doğma SƏNƏTKARIMIZA çatmayacaq... 

Deyəsən, özüm uydurdum mən səni 
İstədiyim kimi gördüm tək səni 
Sən isə unutdun mənim eşqimi 
Yalanmış, hamısı, yalan
Yalanmış, hamısı, yalan...
Diz üstə çöküb ağlamağın, yalan  
Mənə ömür boyu bağlanmağın, yalan, 
Bu yer üzündə yaşamağın, yalan 
Yalan imiş, yalan.



Sizə olan heç bir sevginin yalan olmadığına əmin ola bilərsiniz, Flora xanım. Bu sevginin özü Siz və əvəzsiz Səsiniz, böyüklüyünüzdür.

Böyüklüyünüz sənətkar kimi daima xalqı düşünməyiniz, hər zəngimdə “mən ödənişlə toya getmirəm, qızım, sən deyirsənsə, baş üstə” deməyinizdir. Böyüklüyünüz “23 iyul Ağdamın işğalı günüdür, Qarabağ qayıtmayana qədər ad günü keçirməyəcəm” deyib hönkür-hönkür ağlamağınızdır. Böyüklüyünüz “bu gün analar ağlayır qızım, onlar cavan oğullarını bizə Qarabağı qaytarmaq üçün qurban verən analardır. Onlar ağlayanda mən gülə bilmərəm” deyib 80 illiyinizi qeyd etməmənizdir... Və... Böyüklüyünüzdən bəhs etməklə bitməz... 


Bu gün ömrünün 80-ci yaşıdır... 

Könüllərin, qəlblərin sənətkarı. Uzun illərdən sonra Qarabağlı ilk doğum gününüz mübarək, Azərbaycan səhnəsinin canlı korifeyi! 


Şuşa qoxulu, Xarıbülbül ətirli səs sahibi, bizim əvəzsiz Flora xanımımız!