İcazəsiz toy keçirən şadlıq sarayının sahibi cərimə edildi
    • 28-07-2021, 16:00
    • 505

İcazəsiz toy keçirən şadlıq sarayının sahibi cərimə edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Yevlax rayonu, N.Gəncəvi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Bəylərov Şahin Rüştü oğluna məxsus “Xəmsə” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

AQTA-dan News24.az-a verilən məlumata görə, həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.

Həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.