Şakira həbs oluna bilər
    • 29-07-2021, 12:12
    • 1 134

Şakira həbs oluna bilər

Kolumbiyalı müğənni Şakira (tam adı – Şakira İzabel Mebarak Ripoll) vergidən yayınma ehtimalı səbəbindən İspaniyada mühakimə oluna bilər.

News24.az xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb. Məlumata görə, ifaçı son məqamda prokurorluqla razılığa gələ bilməsə, məhkəmə çəkişmələrindən qaça bilməyəcək. Üç illik araşdırmadan sonra məhkəmə müğənninin vergidən yayınması ittihamı ilə bağlı mühakimə olunmasına kifayət qədər səbəb olduğu qənaətinə gəlib. Şakiranı altı vergi cinayətində ittiham olunur, bu səbəbdən də təqsirləndiriləcəyi təqdirdə onu həbs cəzası gözləyir.

Xatırladaq ki, 2019-cu ilin iyun ayında müğənni vergidən yayınma iddiası ilə bağlı İspaniya məhkəməsində ifadə verib. İfaçı 2012-2014-cü illərdə yol verdiyi vergidən yayınma faktı ilə bağlı ittiham olunur. Söhbət ümumilikdə 14,5 milyon avrodan gedir.

Güman olunur ki, Şakira 2011-ci ildən Kataloniya paytaxtında İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Jerar Pike ilə birlikdə yaşayıb. İspaniya qanunlarına görə, bir şəxs ölkədə altı aydan çox yaşayırsa, avtomatik olaraq krallığın vergi ödəyicisinə çevrilir. Bu o deməkdir ki, həmin şəxs xaricdən əldə etdiyi vəsait də daxil olmaqla bütün gəlirlərindən vergi ödəməlidir. /apa.az