"Oğluma deyirəm, belə olma, səni yeyərlər" - Rəşad İlyasov
    • 4-08-2021, 14:12
    • 464

"Oğluma deyirəm, belə olma, səni yeyərlər" - Rəşad İlyasov

Əməkdar artist Rəşad İlyasov MTV-də yayımlanan "Üzə-düz" verilişində qonaq olub.

News24.az xəbər verir ki, müğənni proqram əsnasında övladlarından danışıb: "Çox dəli-dolu atayam. Bəzən elə bilirəm ki, mən övladlarımın uşağıyam. Arada bir uşaqlıq edirəm. Ərköyünlüklə uşaqlarima sözümü çatdırıram. Onlar da mənə güzəştə gedirlər. Evdə baş verən hər hadisə ruh halıma çox təsir edir. Çalışıram ki, övladlarım adımıza, Vətənə, cəmiyyətə layiqli olsun. Yaxşı təhsil alsınlar. Çünki təhsil gələcək üçün vacibdir, elm bütün qılıncları yenir. Bilmirəm gələcəksə onların şəxsi seçiminə qarışacam ya yox? Amma düşünürəm ki, məni yanıltmayacaqlar. Hərdən oğluma deyirəm ki, çox yaxşı olma! Həddən artıq sadə, səmimi, təmkinli böyük-kiçik yeri bilən oğlandır. Bəzən onu bu xasiyyətinə görə məzəmmət edirəm. Deyirəm, belə olma, yoxsa yeyərlər səni!"

R. İlyasov boşanmalardan da söz açıb: "Boşanmada cəmiyyəti günahkar bilmək olmaz. Cəmiyyət deməyib ki, boşanın. Həm də fikir vermişəm ki, boşananların çoxu özləri sevib-seçənlər olub. Bölgələrdə daha çox görürük ki, valideyn övladın ailə seçiminə qarışır. Qohum evliliyi bəzi fəsadlara yol açır. Hər mənada fiziki və mənəvi tərəfdən sağlam ailə olmur. İnsanlar çox səbirsiz olublar. Bir az boş buraxıb, təmkinli olmaq lazımdır. Ailədə qadın və kişi bir-birinin sözünü dinləmir. Təbii ki, boşanacaqlar da... 6 ay yaşayandan sonra ayrılırlar, axı, nişanlı da qalırsan, sən o müddətdə həmin adamı tanımalıydın. Erkən yaşda olan nikahları sevmirəm. O məsələ məni çox narahat edir. Boşanmamaq üçün ilk dönəmlərdə 2-3 il dözmək lazımdır. Çünki hər iki yad nəsil birləşir. Anam da həmişə mənə bunu deyirdi. Gənclər, düşünün, tez ərizə verib boşanmayın!"