Azərbaycanda uşaqlar arasında “Delta” ştammına yoluxanlar kifayət qədərdir- İNFEKSİONİST
    • 9-08-2021, 16:30
    • 535

Azərbaycanda uşaqlar arasında “Delta” ştammına yoluxanlar kifayət qədərdir- İNFEKSİONİST

Uşaqlar arasında koronavirusun “Delta” ştammına yoluxma halları artır. Avqustun 8-də ABŞ-ın Florida ştatında 172 uşaqda koronavirus aşkarlanıb.  Bu, “Delta” ştammına yoluxma hallarının artması fonunda baş verir.

Bildirilir ki, artıq uşaq xəstəxanalarında çarpayı ehtiyatı bitib. Uşaqlar isə əziyyət çəkirlər. Tibb bacıları uşaqlar arasında eyni vaxtda bu qədər hansısa xəstəliyə yoluxma halına ilk dəfə rast gəldiklərini vurğulayıblar. Qazaxıstanda da koronavirusa yoluxan uşaqların sayında artım müşahidə edilir. 

Almatının baş həkimi bildirib ki, ölkədə “Delta” ştammı qeydə alındıqdan sonra xəstəxanalara gündəlik 30-a yaxın virusa yoluxan azyaşlı gətirilir. Onların arasında ağır vəziyyətdə olanlar və hətta ölənlər də var. 

Rusiyalı infeksionist Yevgeniy Timakov südəmər körpələrin koronavirusun “Delta” ştammına yoluxma ehtimalının 26 dəfə çox olduğunu açıqlayıb. 

Son zamanlar ölkəmizdə də azyaşlı uşaqlarda qızdırma ilə müşahidə edilən xəstəliklər çoxalıb. Valideynlər narahatdır. Çünki uşaqlar gec sağalır. Yüksək qızdırma, boğaz ağrısı və ağız boşluğunda səpkilərin olduğu bildirilir. Valideynlərin bir qismi isə narahatdır ki, bu, delta ştammıdır.

Məsələnin məğzini öyrənmək üçün ekspertlərin fikirlərini öyrəndik.

Həkim-infeksionist Nilufər Məmmədova News24.az-a açıqlamasında bildirib ki, ümumi statistik məlumatlara əsasən, Azərbaycanda da uşaqlar arasında “Delta” ştammına yoluxanlar kifayət qədərdir: “Ailədə koronavirusa yoluxan şəxs olduğu halda, uşaqlara da keçməsi qaçılmazdır. İlkin mərhələdə temperaturun yüksəlməsi, burun axıntısı və boğaz ağrıları kimi əlamətlərlə özünü büruzə verir. 

Ağız boşluğunda səpkilər  və temperaturu yüksək olan xəstələrdən koronavirus testləri götürülüb, lakin çoxunda neqativ nəticə göstərib. Ona görə də, ağız boşluğunda olan səpkiləri Delta ştammının əlaməti kimi qiymətləndirə bilmərik. Tez-tez görülən viral infeksiyalardan biri ola bilər. Bu xəstəliyi differensasiya etmək üçün analiz aparmaq lazımdır. Xəstəlik simptomatik müalicə ilə sağaldığı üçün geniş tədqiqatlara ehtiyac var. Bu tədqiqatlar nəticəsində infeksiyanın növünü təyin etmək mümkündür”. 

İnfeksionist qeyd edib ki, həm COVID-19, həm də digər kəskin respirator viral infeksiyalardan qorunmağın yolları standart tədbirlərdən ibarətdir: “Sosial məsafənin gözlənilməsi, maskanın taxılması, əllərin tez-tez yuyulması, qapalı məkanların havalandırılması şərtdir. İnfeksiyanın vaksini tapıldıqdan sonra mütləq şəkildə hər kəs vurdurmalıdır. Qorunma qaydaları bütün hava-damcı yolu ilə keçən infeksiyalarda oxşardır”.  

Terapevt Tamella Quliyeva da saytımıza açıqlamasında vurğulayıb ki, son zamanlar azyaşlı uşaqlarda quru öskürək və yüksək temperatur halları çoxalıb: “Bu da virusun yeni ştammının əlamətləridir. Yeniyetmələrdə isə əlamətlər daha kəskin və çox olur. Şəxsi praktikamda böyüklərdə boğazda səpki halına rast gəlməmişəm. Yeni ştammın digərlərindən fərqi ondandır ki, temperaturu aşağı salmaq çox çətin olur. Azyaşlı uşaqlar isə nisbətən daha yüngül keçirir. Müalicə metodu isə standartdır”.


Məhərrəm Əliyev