Prezident Oljas Süleymenovu qəbul etdi - Fotolar - VİDEO - YENİLƏNDİ
    • 12-08-2021, 15:11
    • 1 063

Prezident Oljas Süleymenovu qəbul etdi - Fotolar - VİDEO - YENİLƏNDİ

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edib.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev Oljas Süleymenovu ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirib və qeyd edib ki, onu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır, həm qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, həm də bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi sevirlər.

Ulu öndər Heydər Əliyevlə Oljas Süleymenovun dostluq münasibətlərini və görüşlərini xatırladan dövlət başçısı bu görüşlərin bir neçəsində özünün də iştirak etdiyini bildirib, Ümummilli Liderin Oljas Süleymenova həm istedadı, həm də ictimai fəaliyyətinə görə hörmət bəslədiyini qeyd edib.


Türk dünyası ölkələrinin birliyi, türkdilli ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi işində görkəmli şairin səylərini vurğulayan Prezident İlham Əliyev bunun xüsusən hazırda dünyada vəziyyətin dəyişdiyi dövrdə mühüm əhəmiyyət daşıdığını dedi.

Dövlət başçısı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırladıb, Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif edildiyini bildirib və ordeni görkəmli qazax şairinə təqdim edib.

Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilməsinə görə qürur duyduğunu deyən Oljas Süleymenov dövlət başçısına minnətdarlığını bildirib. 

İlham Əliyev Oljas Süleymenova “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edib.