-
- 21-08-2021, 11:26
- 2 742
"Çox ağır dilim var, kiməsə cavab versəm, yeddi qatından keçəcək" - RÖYA - VİDEOMÜSAHİBƏ
Səhnəmizin "qara qızı". Bəzən dəli-dolu, ipə-sapa yatmayan, bəzən romantik, bəzən də aşırı zarafatcıl... Elə bu xasiyyətlərinə görə də, zamanında çox "daşlanıb", tənqid olunub. Amma hər şeyə rəğmən, səhnədə və sənətdə imzasını brendə çevirə bilib. Bu gün onunla həmsöhbət olduq. Müğənni ilə bir çox məsələrdən danışdıq. Oğlundan, ailəsindən, sənətindən, dostlarından.
Xalq artisti Röya Ayxanın News24.az-a videomüsahibəsini təqdim edirik:
- Salam, xoş gördük sizi Röya xanım, necəsiniz?
- Salam, çox sağ olun yaxşıyam.
- Yayın artıq son günlərini yaşayırıq. Necə keçirdiniz qızmar yay aylarını?
- Bu yay çox isti oldu. Amma mən bu yayı çox sevdim. Çünki düz üç ay bağda dincəldim. Tətilim hələ də davam edir, bəzi məkanlara gəzintiyə gedəcəm. Pandemiya dövrünün məhdudiyyətləri aradan qalxan kimi oğlumla istirahət planları qurduq. Çünki bilirdim, sonra buna vaxtım olmayacaq. Biz mövsümün ən yaxşı vaxtını seçdik, zənnimcə. Çünki çox isti havalarda gəzmək olmur, gərək ancaq evdə oturasan.
- Bu aralar ən çox konsert proqramı ilə çıxış edən sənətçilər sırasındasınız. Səhnə üçün çox darıxmışdınız?
- Ona konsert deməyək. Çünki böyük, irimiqyaslı konsertlər eləməyə hələ ki, icazə yoxdur. Bildiyiniz kimi, mənim dörd günlük konsertim təxirə salındı. Üç gün ödənişli, biletlə, bir gün isə ödənişsiz. Həmin konsert yalnız şəhid və qazi ailələrimiz üçün nəzərdə tutulmuşdu. Ağlıma belə gəlməzdi ki, konsertim dondurulacaq. Sonra isə qalib ölkənin vətəndaşı kimi konsert proqramı ilə çıxış edəcəm. İnşaallah, qoy hər yer açılsın, möhtəşəm bir qələbə konserti verəcəm. Amma üçgünlük konsertin bütün biletləri satılıb. Dinləyicilər də konsertin keçirəcələyi günü səbirsizliklə gözləyirlər. Bu aralarda olan konsertlər, sadəcə, görüş xarakteri daşıyır. Amma düzünü deyim, səhnə üçün çox darıxmışdım. Bu görüşlər mənə çox xoş təəssürat bağışladı.
Xəstələnməkdən çox qorxuram
- Amma siz böyük auditoriya qarşısında çıxış etməyi alışmışdınız...
- Bəli, hər il böyük auditoriya qarşısında konsertlər verirdim. Və bu, ənənəyə çevrilmişdi. O qədər hazırlıqlar, planlar, məşqlər edilirdi ki... Türkiyədən, Ukraynadan, Rusiyadan rəqqaslar, işıqlar, səhnə avadanlıqları, filan gəlirdi. Danışıqlar, ödənişlər, lazım olan hər şey əldə olunurdu. Amma birdən-birə belə böyük qapanma oldu. Amma buna rəğmən, mən buna normal yanaşdım. Çünki bu elə bir bəladır ki, bütün dünyada yaşanır. Mənim üçün insanların sağlamlığı hər şeydən önəmlidir, eləcə də öz səhhətim çox vacibdir. Etiraf edim, özüm də bu xəstəlikdən çox qorxuram. Çünki adi qripi belə çox ağır keçirirəm. Ona görə də özümü qoruyuram. Ən çox da atama görə yoluxmamağa çalışırdım. Çünki bilirsiniz, atam birr neçə dəfə əməliyyat keçirdi, ona görə immunitetinin aşağı düşməməsinə, xəstələnməsinə imkan verməməliyik. Allah millətimizi qorusun. Tezliklə bu bəla başımızın üstündən getsin və ən gözəl və böyük konsertlərdə görüşək.
- Atanızın səhhəti indi necədir?
- Şükür, Allaha, dualarımızı eşitdi, indi yaxşıdır.
- Müsahibələrinizin birində söyləmişdiniz ki, uşaqlıqda atam məni çox döyüb, amma buna baxmayaraq atamla nəfəs alıram..
- Əslində, belə şeyləri danışmağı sevmirəm, sadəcə, o məqamda söz düşdü, məcbur olub dedim. Amma başqaları ailəsindəki belə problemləri çox şişirdib danışırlar. Mənim sözümə gələndə, hələ də anlaya bilmirəm ki, neyləmişəm ki... Bəlkə adam öldürmüşəm?! Düzdür, uşaqlıqda çox döyülüb danlanmışam, amma ən çox da sevilən uşaq olmuşam. Çox düzgün vurğuladınız ki, mən valideynlərimlə nəfəs alıram. İki dəfə atam məni döydü deyə, özümü öldürməliyəm? Xeyr. İnsan gərək həyatı sevsin. Anamın bir sözü var: “Allah hər ailəyə bir insan nəsib edir, o da onların canı olur”. Ona görə də düşünürəm, Allah da məni seçib, ruzimi bir az çox verib, mən də onu ailəmlə, dostlarımla bölüşürəm. Bu, çox gözəl bir şeydir.
Tünzalə Ağayevanın paxıllığını çəkirəm
- Qardaşınız İsmayıl müğənniliyə başlayıb. İfasını bəyənirsiz?
- İnanın, onun Azərbaycana gəlməsindən heç xəbərim yox idi. Onu bizim kollektiv dəvət edib. Bir neçə məkanda tək səhnə aldı, mənimlə də birgə çıxış elədi. Əsas istəyim o idi ki, İsmayıl Bakı səhnəsi ilə tanış olsun. Əslində İsmayıl Türkiyədə tele-radio üzrə təhsil alıb. Klip çəkir, mahnı bəstələyir, söz yazır, aranjeman edir, həm də yaxşı texniki ifaçıdır. İnanın, heç vaxt filankəsin qəşəng maşını, evi olduğuna görə paxıllıq hissi keçirməmişəm. Amma özü bəstələyib, söz yazan, özü də oxumağı bacaranlara həmişə paxıllıq eləmişəm. Məsələn, Tünzalə Ağayevanın paxıllığını çəkirəm. Hər zaman da bunu ona deyirəm. O da özü yazır, özü ifa edir. Mən də çox istəyərdim ki, mahnılarımı özüm yazım, amma mən onu bacarmıram. Amma İsmayıl bunu bacarır. Yəni sənətdə hərtərəflidir. Mən qəşəng sözlər seçərəm, mahnını yaşayıb onu ən möhtəşəm şəkildə oxuyaram. Amma bəstələmək, yazmaq bacarığım yoxdur. Ona görə də İsmayıla uğurlar arzu edirəm. Görək, necə olacaq. Oğlan üçün bu sahədə uğur qazanmaq bir az çətindir. Düzdür, mən də bu sənətdə az əziyyət çəkməmişəm, amma Allah mənə bu yolu tez açdı. O da əziyyət çəkməlidir. İsmayıl Bakıya gələndə ona ilk sözüm o oldu ki, mən səni heç kəsə tapşırmayacam, məndən bunu gözləmə. Müğənnilik yolunda özünü sınamaq istəyirsən sına, amma tapşırıqla səni heç kimin yanına göndərməyəcəm. Sənə televiziya açmağa, idarə etməyə kömək edə bilərəm, amma sənət yolunda özün addımlayacaqsan.
İsmayıl bu haqda danışmağa icazə vermir
- Dedilər, İsmayılı nişanlamısız...
- İsmayıl bu barədə mənə danışmağa icazə vermir. Tapşırıb ki, heç nə demə. Amma xəbər doğrudur. Dedim ey, xəbəri... (gülür) Əslində nişan olmayıb. İsmayıl qıza evlənmə təklif edib, o da “hə” deyib. Gəlinimiz bağça müəlliməsidir. Qız Türkiyədəndir, oranın vətəndaşıdır. Anam müəllimə olduğundan həmişə istəyirdi ki, övladlarından biri onun yolunu davam eləsin, amma olmadı. Ən böyük arzusu mənim bağça müəlliməsi olmağım idi. Deyir, dünyaya dörd övlad gətirdim hamısı da atalarına oxşadı. (gülür)
Əla qayınana və yaxşı baldız
- Röya Ayxan necə baldız olacaq?
- Mən yaxşı baldız və gözəl qayınana olacağam. Çünki heç kimlə işim yoxdur, öz dünyam var. Həyatım o qədər qalmaqallı və səs-küylüdür ki, bu mənə bəs edir. Əksinə, onlar mənimlə maraqlanıb əzizləyirlər. Ümumiyyətlə, mən yaxınlarımın ailə işlərinə qarışmağı sevmirəm, bu haqda kimsə şikayət eləyəndə də çox əsəbləşirəm.
Məni müzakirə eləməkdən yorulmadınız?
- Haqqında ən çox danışılan sənətçilərdənsiz. Bu qədər müzakirə olunmaq sizi yormur?
- Yaxşı dediniz, mən o insanlara sual vermək istəyirəm: siz məni müzakirə eləməkdən yorulmadınız? Siz bu müzakirələrlə məni yox, özünüzü yorursunuz. Kimsə mənə nəsə yazanda mən dərhal o adamı “blok”a atıram ki, bir də məni görməsin. Çünki bu adamların dedikləri bircə söz var, Röya niyə belə geyindi, niyə bu sözü dedi? 20 ildə buna öyrəşməli idiniz. Mən beləyəm. Birini çox istəyirəmsə, sona qədər də belə qalacam. Birini çox sevirəmsə, danışmasam belə, ona münasibətim dəyişməyəcək. Onun arxasınca danışmayacam, səhvi olsa belə, dəstək verəcəm. Qısası, mən belə olmağımdan yorulmuram, siz də mənə görə özünüzü yormayın. Mən hara, necə geyinəcəyimi çox gözəl bilirəm. Şortik, maykada fotosessiya edə bilərəm, amma o demək deyil ki, toya, konsertə də bu geyimdə gedəcəm. Mənə görə hər yerin öz geyimi var. Əgər kiminsə xoşuna gəlmirsə, baxmasın, kimin başı ağrayırsa, dərman içsin, görmək istəməyənlər eynək taxsın və məni görməsin. Necə deyərlər, onun-bunu sağlığına içməkdən, öz sağlığım kənarda qalıb. Siz də öz sağlığınıza için!
Yoluma daş qoyanlar elə adamlardır ki...
- Yeni evə köçmüsüz. Xeyirli-uğurlu olsun. Deyəsən, evinizin qonaq-qarasız günü yoxdur?
- Çox sağ olun. Şükür, təmirdən canım qutardı. Mən qonaqlıqları çox sevirəm. Atamgilə gedirəm, onların üçotaqlı evi var, amma orda10 dəqiqədən artıq otura bilmirəm. Deyir, niyə gedirsən? Deyirəm ki, oturmağa yer tapmıram. (gülür) Deyir, guya sənin evin elə deyil? Yəni ailəmiz böyük olduğundan hər zaman qonaq-qaralı olmuşuq. Fikrimcə, bir evin hər zaman qonağı olmalıdır, insanın çörəyi yeyilməlidir. Mənim də çörəyim yeyiləndir. Allah bərəkəti verib, mən də onu ətrafımla bölüşürəm. Bütün qazancımı tək yesəm, mənim ürəyim partlayar. Məncə, bu, sıxıcı və maraqsız həyatdır. Elə yaşamaq olmaz. Gərək paylaşmağı və həyatı sevəsən. Elə bilirsiniz mənim ağlayan günüm olmur? Olur, özü də sizdən qat-qat çox olur. Aldığım zərbələrin heç birini siz almamısınız. Elə düşünürsünüz, mənim heç vaxt işimə mane olmurlar? Olurlar, əlbəttə. Oturub hardansa iş təklifi gözləyirəm, sonradan zəng gəlir ki, sizinlə işimiz alınmadı. Yəni mənim də yoluma daş qoyanlar var. O daşın altından elə insanlar çıxır ki, təəccüblənməmək mümkün deyil. Amma özümü sındırıb o adam heç nə demirəm. Çünki bir müddət sonra o adam gəlib özü məndən üzr istəyir. Mən də hər şeyə rəğmən, o insanları bağışlayıram, sadəcə, onunla əvvəlki kimi oturub-durmuram. Amma silib atmıram da. Yəni hər kəsin yanlışı ola bilər. Kim bilir, bəlkə dünyada ən böyük günahlar elə məndə olub. Amma Allah məni bağışlayıb ki, bu ruzunu verib. Bəlkə də səhvi edib sonra düz yola döndüyümə görə Allah məni bağışlayıb. O bağışlayırsa, mən kiməm ki, bağışlamayım?! Mən hər kəsə şans verirəm. Kimdə alındı, alındı. Amma paxıl, sözbaz insanları sevmirəm. Danışmadısa, başımın tacıdır. Çünki mən özüm eləyəm. Mən bir yerə gedirəm, orda yeyirəm, içirəm, əylənirəm və sonra orda nə baş veribsə hamısını unuduram. Məsələn, anam hər şeyi diqqət edir. Arada onu deyirəm ki, gərək, Ayxana da ayrıca ev alım. İcazə vermir. Deyir, o mənimlə yaşayacaq. Başa salıram ki, bu uşaq sənin əlində çürüyəcək. (gülür) Çünki deyir, filan şeyi niyə belə qoyublar? Bu niyə burdadır? Deyirəm, sən niyə narahat olursan, arvad düzəldəcək. Ya da deyir, filan işçi niyə bu qədər telefonla danışır? İzah edirəm ki, onun da ailəsi var, danışmalıdır. Belə şeylərə əhəmiyyət vermirəm, ona görə də həyatım çox huzurlu və gözəldir. Son iki ildə hər şeyi daha yaxşı anlamağa başladım. Pandemiya dövründə anladım ki, Allah istədiyi vaxt bizə elə bir dərd verə bilər ki, heç ondan necə xilas olacağını belə bilməzsən. Sevdiklərinin məzarına gedə bilməzsən. O qədər əziz sənət yoldaşlarımı itirdim. Heç birinin cənazəsinə gedə bilmədim, icazə vermədilər. Karantin qaydalarına görə “o olmaz”, “bura getməyə icazə yoxdur”, dedilər. Bu müddət boyunca da, ən çox əziyyət çəkən incəsənət adamları oldu. Bu barədə tez-tez Gülşənlə (Türkiyə sənətçisi Gülşən -red) söhbət edirik. Təsəvvür edin ki, biz hər gün geyinib-keçinib səhnəyə çıxmağa, alqış eşitməyə öyrəşmişik və birdən hər şey dayandı. Bir anlıq düşündüm bəlkə marketdə işləyim?! Heç olmasa orda insan görüm. (gülür)
20 il boyunca ada işləmişəm, indi ad mənə işləyir
- Daim zirvədə qalmaq çətin deyil?
- 20 il boyunca ada işləmişəm, indi ad mənə işləyir. Əvvəllər ayda bir hit olardısa, indi ildə bir dənə. Eybi yoxdur, belə də olar.
Meladzeylə Sezən Aksudan mahnı gözləyirəm
- Amma bəzən deyirlər, Röya əvvəlki kimi oxumur..
- Deyirlər, amma buna baxmayaraq, bütün mahnılarımı eyni qaydada sevirlər. “Mənə sevgindən bəhs et”, “Kimin belə sevgilisi var”, “Naz eləyir” kimi bir çox mahnılarımı sevdilər. Sonunculardan “Dolunay”ın adını çəkə bilərəm. Ola bilər ki, bu sizin üçün hit deyil, amma mən onun sözlərinə aşıq olmuşam.
"Girə bilməsəm də qoluna, yoluna asdım dolunay" (oxuyur)
Bütün günahı da müğənnidə görməsinlər. Bütün dünya musiqisində bu problem var. Əvvəlki bəstəkarlar mahnı yazmır. Mən özüm neçə vaxtdır Valeri Meladzeylə Sezen Aksudan mahnı gözləyirəm. Özü də belə insanlar mahnıları çox böyük pula yazırlar. Düzdür, bir neçə variant yollayıblar, amma bəyənməmişəm. Mən onların iç dünyasından gələn mahnı istəyirəm. Biz bir az da naşükürük. Məncə, o sözü deyənlər mənə təşəkkür edib başlarını aşağı salıb mahnılarıma qulaq assınlar. Musiqi onsuz da tükənməzdir. Sadəcə, indi xarakter dəyişib. Əvvəlki lirikalarımı oxusam, deyəcəklər, çox ağırdır. İndi daha yüngül, ağıza yatan, “loru dilli” mahnılar gündəmdədir. Onu da mən oxuya bilmərəm, bağışlasınlar. Ən yaxşı bəstəkar, şairlərimizi itirdik. İndi də meydanda cavanlardır. Onlardan kimsə yaxşı iş ortaya çıxarsa, onu ən birinci elə mən alacam.
- Bu yaxınlarda Zamiqlə yeni duetiniz işıq üzü gördü, o da kifayət qədər də müzakirə edildi. Bir çoxları dedi, gərək İlhamə Quliyevadan sonra bu əsərə toxunmazdılar.
- Zamiq bizdə olanda qəfildən bu mahnının minusunu eşitdik və qərara gəldik ki, birgə oxuyaq. Oxuduq, klipini də çəkdik. Biz bu mahnını sevərək ifa elədik. Kim nə deyir, desin onun mənə dəxli yoxdur. Məni heç kim müzakirə edə bilməz. Onu deyənlər ancaq mətbəxlərində, telefon arxasında nəsə danışa bilərlər. Heç kim gəlib bunu mənim üzümə deyə bilməz. Çünki mən bilirəm nə edirəm. Biz Zamiqlə tez-tez konsertlərə, toylara bir yerdə gedirik. Bunu da ifa elədik ki, növbəti duetimiz olsun. Bu mahnılar bizi bir-birimizə bağlayan vasitədir. Bu dedi-qodularla dostluğumuzu əlimizdən almasınlar. Allah İlhamə xanıma rəhmət eləsin. Çox böyük əsərlər qoyub getdi. Mahnı isə daim yaşamalıdır. Bizdə kimsə kiminsə mahnısını oxuyanda deyirlər, olmaz. Mən icazə vermirəm. Axı, niyə? Ya da deyirlər ki, bu mahnı filan mahnıya oxşayır. Mahnı-mahnıya oxşayar da... 7 not var. Başqa cür ola da bilməz. Necə olur ki, Cenifer Lopez “Lambada”nı öz mahnısının ortasına salıb oxudu, gündəm oldu, amma ona heç kim, heç nə demədi. Mən hər kəsin fikirlərinə hörmətlə yanaşıram, amma öz bildiyimi edirəm.
- Son zamanlarda bostanınıza daş atanlar çoxdur, amma onlara cavab vermirsiniz. Bu, bir siyasətdir?
- Xeyr. Özümə bir neçə ildir söz vermişəm ki, heç kimə cavab verməyəcəm. Çünki mənim çox ağır dilim var. Mən kiməsə cavab versəm, yeddi qatından keçəcək. Çox pis xətrinə dəyəcəm. Ona görə də susuram. Bəyəm, mən bilmirəm kim-kimdir, koram? Sadəcə, kənardan müşahidə edirəm. Həm də cavab vermək mənə yaraşmaz. Mən elə bir statuslu qadınam ki, mənə elələri ilə ağız-ağıza vermək yaraşmaz. Əlbəttə, çox üstümə gəlsələr, lazımlı cavablarını verərəm. Bunun üçün o adamlar gəlib mənə çatmalıdırlar ki, nəysə danışsınlar. Mən 39-40 ölçüdə ayaqqabı geyinirəm. Ona görə də əli, ayağı böyük olanlara kiminləsə ağız-ağıza gəlmək yaraşmaz.
Aygün Kazımovaya cavab qaytardığım üçün peşmanam
- Bəs, zamanında kiməsə cavab verdiyinizə görə peşimansınız?
- Bəli. Azərbaycanda açılan ilk maqazin proqramında məni Aygün Kazımova ilə üz-üzə qoydular və mən ona cavab qaytardım. Buna görə indi peşmanam. Amma düşünürəm ki, bu çılğın yaşlarımda olan bir şey idi. Anlaşılmazlıqlar oldu, bəlkə də adımdan ona başqa şeylər çatdırdılar, bilmirəm. Allah şeytana lənət eləsin. Ümumiyyətlə, sənətdə yaşça məndən böyük olanların hər biri əzizdir, başımın tacıdırlar. Brilliant xanım bizə qonaq gələndə onun nazı ilə oynayıram.
- Cazibədar qadınsınız. Cazibədarlıq hansı hallarda avantaj, hansı halda baş bəlasıdır?
- Mənə gözəllik lazım deyil. Bəzən şərhlərdə yazırlar ki, çox gözəlsiniz. Gözəl deyiləm, lazım olsa, olacağam. 40-ı keçəndən sonra qaşlarımı alnıma tikdirəcəm, dodaqlarıma dolğu elətdirəcəyəm, yanaqlarımı şişirdəcəm. Bunların hamısını edəcəm. Amma hələ ki, burun əməliyyatı etdirmişəm bir də Moskvadakı Seymur həkimin yanına getdim, dedim, mənə idman bədən quruluşu yarat. Çünki çox arıq və düz idim. Dedim, mənə bir az bel düzət. O da bədənimi idman formasına saldı. Uzaqdan cinsdə maykada gələndə artıq hər kəs məni tanıyır. Mənim üçün qadının şarmlı və cazibədar olması önəmlidir. Şəhərdə gözəl qızlar görürəm. İnanın, heç paxıllığım tutmur. Mən isə özümü çox cazibədar və qəşəng xanım hesab edirəm. Heç kim də buna görə məndən inciməsin. (gülür)
- Bir çox gənc xanımlar özlərini sizə bənzədirlər. Buna münasibətiniz necədir?
- Bu, çox gözəl bir şeydir, bənzəsinlər. Vətən xaini, ailəsindən üz döndərən, kiminsə hesabına yaşayan, pis oxuyan deyiləm. Çox ağıllı və hər şeyi bilən qadınam. Dostumla deyib gülən, böyüklə hörmətlə danışan, hər şeyin yerini bilənəm. Gözəl salıqlar deyən qızam. (gülür) Niyə də oxşamasınlar? Onsuz da bir müddət sonra hər kəs öz yolunu tapacaq. Qoy ürəkdə də mənə oxşasınlar.
- "İnstagram"da televiziyalarımızı tənqid eləmişdiniz. Yazmışdınız ki, televiziyalarımızda özümüzkilərdən başqa hamının klipləri yayımlanır...
- Mən çoxdandır efirlərə çıxmıram. Çıxanda da, dostlarımın proqramlarının qonağı oluram. Kanal rəhbərlərin hər biri yaxın dostumdur. Mənimlə birlikdə çiyin-çiyinə çalışan, vuruşan qocaman dostlarımdır. Amma ümumilikdə nə maqazin proqramlarından, nə də verilişlərdən razı deyiləm. Çox istəyərdim ki, bizim iki saatlıq maqazinlərimiz, canlı orkestrlə ifa edə biləcəyimiz gecə verilişlərimiz olsun, təqdimatlar fərqlənsin. Klip saatlarında yayımlanan ekran işləri seçilsin, sonra efirə verilsin. "Youtube" ilə efir müğənnisi bir-birindən fərqlənməlidir. İndi biz televizoru açıb “Youtube” baxırıq. Ona görə də, televiziyanı izləyən yoxdur. Məncə, indi bütün dünyada televiziya batır. Türkiyədə, xarici ölkələrdə kanallar bağlandı. Bəlkə bizdə də sabah-birigün belə olacaq. Hər kəs, hər şeyə internetdən baxacaq. Ya da ki, televiziyalarda klip saatı, maqazin və xəbərlər yayımlanacaq. İnsanları bu üç şey maraqlandıracaq, vəssalam. Çünki formatda bir-birinə oxşayan nə qədər veriliş olar?! Hamısında studiya, divan və aparıcı. Bütün verilişlərdə də yemək bişirirlər. Mən də az yemək yeyən adam, bilmirəm nə edim. Çağırırlar, inciməsinlər deyə məcbur olub gedirəm. Amma bu da insanı tükəndirir. Üç, dörd verilişə çıxırsan, sonra birillik kənara çəkilirsən.
Sevda Bayramova
VİDEO-FOTO: Hüseyn Həsənov