Biri deyir, "dua edirik teatrlar yada düşsün", o biri deyir, "elə bağlı qalsa yaxşıdır"
    • 23-08-2021, 16:11
    • 1 242

Biri deyir, "dua edirik teatrlar yada düşsün", o biri deyir, "elə bağlı qalsa yaxşıdır"

Bir neçə gün öncə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib və bir sıra yeni qərarlar qəbul edilib. Lakin teatr və kinoteatrların fəaliyyətinin məhdudulaşdıırlması qərarı hələlik qüvvədə saxlanılıb. Bu isə uzun müddətdən bəri səhnədən uzaq düşən sənətçilərin etirazına səbəb olub. 

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nicat Kazımov öz etirazını belə ifadə edib: "Yəni doğrudanmı xəstəliyi yalnız teatrlar yayır? Nə futbol, nə ticarət mərkəzləri, nə metro teatr qədər təhlükəli deyil? Əslində isə brifinq keçirənlərin millət üçün teatrın nə qədər lazımlı olmasından xəbərləri yoxdur. Bəsdir, bizi səhnədən məhrum etdiniz, teatrları açın!" 

Əməkdar artist Sənubər İsgəndərli də bu qərarla bağlı narazılığını dilə gətirib. Aktrisa "Facebook" hesabında bununla bağlı status yazıb: "Əgər COVID-19 pasportu ilə hər yerə getmək mümkündürsə, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz?"

Əməkdar artist Elnur Kərimov isə mövzu ilə bağlı News24.az-a açıqlama verib: "Hazırda ölkədə həyata keçirilməsinə çalışılan ən önəmli məsələ vaksinasiyadır. Peyvəndləmə prosesi tamamilə bitəndən sonra güman ki, teatrlar açılacaq. Mədəniyyət Nazirliyi teatr rəhbərlərinə tapşırıq verəcək ki, oturacaq saylarını azaltsın, giriş COVİD pasportu ilə olacaq. Etiraz eləməklə nə əldə edəcəyik? Biz də istəyirik ki, teatrlar açılsın, amma bu, hər kəs üçün qoyulan qaydadır. Məncə, səbirlə gözləmək lazımdır. Düşünürəm ki, əhalinin 60% tam vaksinasiyadan keçsə, teatrlar açılar. Məncə, teatr işçilərinin demək olar ki, hər biri peyvənd olunub. Yəni, teatrlar açılışa tam hazırdır. Qərarın verilməsini gözləyirik".

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rejissoru, "Oyuq", "Küllücə" studiyalarının və "Oyun" teatrının rəhbəri Səidə Haqverdiyeva işsizlikdən gileylənib: "Artıq bir il yarımdır ki, teatrların fəaliyyəti birmənalı şəkildə dayandırılıb. Biz hələ də bilmirik mədəniyyət ocaqlarımız nə vaxt açılacaq. Heç işıq ucu da görünmür. Düşünürəm, bu vəziyyət sənət adamlarını ruhdan salıb. Düzdür, il yarımdır maaşımızı alırıq. Amma biz yaradıcı işlə məşğul olmaq istəyirik. Hansısa balaca layihələr eləyirik, amma bu, kifayət deyil. Biz böyük məşqlər, tamaşalar nümayış etdirmək istəyirik. Bilirsiniz ki, teatlarda gənc nəsillə bərabər qocaman sənətkarlar da çalışır. Onların vəziyyətini düşünəndə pis olmamaq mümkün deyil. Sənətçilər səhnə ilə qidalanır, onunla nəfəs alırlar. Teatrların bağlanması isə o deməkdir ki, bizim "oksigenimiz kəsilib". Əgər, toylarda 150 nəfərin iştirakina icazə varsa, niyə teatlar qapalı qalmalıdır? Həmin qadağalarla biz də çalışa bilərik. Hətta deyərdim ki, toylarda təmas daha çoxdur, nəinki teatrda. Digər xarici ölkələrdə ara məsafəsi gözlənilmək, COVİD pasportunu göstərməklə teatrlar fəaliyyət göstərir. Niyə bizdə də elə olmasın? Həm də bizim teatrın böyük hissəsi artıq peyvənd də olunub. Məncə, biz də digər sahələr kimi fəaliyyət göstərə bilərik. Bu il Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 yaşı tamam olur. Bu münasibətlə bir çox layihələr etmək istəyirik, amma alınacaq ya yox bilmirəm".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru, rejissoru Elməddin Dadaşov da məsələyə münasibət bildirib: "Artıq bir il doqquz aydır ki, biz teatr fədailəri tamaşalara, səhnəyə, tamaşaçılarımızla görüşlərimizə susamışıq. Gərək sənət adamı daim öz sənəti ilə məşğul olsun. İşimiz üçün çox darıxmışıq. Mütləq şəkildə teatrların bərpa olunması barədə tədbirlər görülməlidir. Ölçülüb-biçilib uyğun qərarlar verilməlidir. Yoxsa, itirilən zamanı bərpa etmək çətin olacaq".

Gənc aktrisa Aygün Fətullayeva mövzu ilə bağlı öz fikirlərini söyləyib: "Ölkəmizdə idman zallarının fəaliyyətinə, toyların keçirilməsinə, çimərliklərin açılmasına icazə verildi, amma teatrlar hələ də qapalıdır. Halbuki sadaladığım bütün yerlərdə təmas daha çoxdur. Orda yayılmayan virus teatrda yayılacaq? Düşünürəm ki, zallardaki tamaşaçı sayını azaltsaq, nəsə etmək olar. Çünki teatr canlı sənətdir. Onu yaşatmaq lazımdır. Belə çıxır ki, bu məsələ heç kimin marağında deyil.  Hazırda vaksinasiya prosesi də tam sürətlə davam edir. Bəs, eləsəniyə teatrlar açılmır? Sadəcə, dua edirəm ki, teatr kiminsə yadına düşsün".

Aktyor Hikmət Rəhimov isə tam başqa mövgedədir: "Hazırda serialda və filmdə çəkilirəm. Bu məsələ daha çox teatrlarda çalışanlarla bağlıdır. Qoy, teatrda işləyənlər öz məsələlərini həll eləsinlər. Teatrın ağsaqqaları yəqin bu işin çözümünə bir yol taparlar. Ələlxüsus Teatr Xadimləri İttifaqının üzvləri bu işə baxmalıdır. Aktyorlar iki ilə yaxındır ki, dövlətdən maaş alırlar. Onların teatrların açılması ilə bağlı istəklərinə də inanmıram. Yəni, dedikləri mənə səmimi gəlmir. Guya teatrlar açıq olsa nə olacaq, bağlı qalsa nə olacaq? Sosial şəbəkələrdə yazdıqları şərhlər gülünçdür. İndi teatrlar açılsa, iki il bundan öncəki tamaşalarını göstərəcəklər. Çünki yeni heç nə yoxdur. Bunlar yığılmağa yer axtarırlar. Bunların əlində bir dənə tamaşaları yoxdur ki, gürcünün, erməninin qabağına çıxara bilsinlər. İl yarımdır maaş aldıqlarına görə dövlətə təşəkkür eləməlidirlər. Belələrinə elə yaxşı edib teatrları açmırlar".

Məsələylə bağlı Mədəniyyət Nazirliyi News24.az-ın sorğusuna cavab verib: "Bildiyiniz kimi, Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər. Nazirlik tərəfindən bu məsələ ilə bağlı müraciət Operativ Qərargaha ünvanlanıb. Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcəkdir. Ümid edirik ki, epidemioloji vəziyyət stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar".