"Maskam cibimdədir..."- Mülki geyimli polislər reyd keçirir - VİDEOREPORTAJ
    • 25-08-2021, 13:04
    • 512

"Maskam cibimdədir..."- Mülki geyimli polislər reyd keçirir - VİDEOREPORTAJ

Son günlər ölkədə koronavirusa yoluxanların sayında artım qeydə alındığından Daxili İşlər Nazirliyinin əməkdaşları mülki geyimdə ictimai nəqliyyatda və bir sıra qapalı məkanlarda kütləvi yoxlama-nəzarət tədbirləri həyata keçirib. 

News24.az xəbər verir ki, bu cür reydlərdən biri də Xətai rayonunda gerçəkləşib. Yoxlamalar zamanı avtobuslarda və qapalı məkanlarda karantin qaydalarını pozan vətəndaşlar barəsində inzibati tənbeh tədbirləri görülüb, cərimə protokolları tərtib olunub.

Qeyd edək ki, ictimai nəqliyyatda aparılan yoxlamalar zamanı qaydalara əməl etməyənlər arasında avtobus sürücüləri də vardı. Yoxlanışlar zamanı tibbi maskadan düzgün istifadə etməyən, qoyulan qaydaları pozan sürücü və sərnişinlər avtobusdan düşürülərək cərimələnib.

Eləcə də, İri mağaza və ticarət obyektlərində də yoxlamalar aparılıb. Maskadan düzgün istifadə etməyən işçilərlə bağlı sahibkarlara ciddi xəbərdarlıq edilib.

Xətai rayonunun sahə inspektoru, kapitan Ruslan Həsənov vətəndaşlara sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, ondan düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verib: "Burda məqsəd cərimə olunmaq deyil. Məqsəd koronavirus infeksiyasının qarşısını almaqdır. Bununla bağlı biz gündəlik tədbirlər keçiririk, protokollar tərtib edirik. Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, tibbi maskadan düzgün istifadə etsinlər. Bununla da onlar həm özlərini, həm də yaxınlarını qorumuş olacaqlar".

Qeyd edək ki, qapalı yerlərdə pandemiya qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət, yoxlama tədbirləri hər gün həyata keçiriləcək. 

VİDEO: Nicat Niftəliyev