Həkim səhlənkarlığı yoxsa, qıcolma? - 25 yaşlı ananın ölümünün TƏFƏRRÜATLARI
    • 25-08-2021, 15:21
    • 1 337

Həkim səhlənkarlığı yoxsa, qıcolma? - 25 yaşlı ananın ölümünün TƏFƏRRÜATLARI

Abşeron rayonunda ana doğuş zamanı vəfat edib.

Bu barədə News24.az-a mərhum Aysel Məhərrəmovanın bibisi Tərlan Əbilzadə məlumat verib. O bildirib ki, aprelin 19-da qardaşı qızı Abşeron rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyatını itirib: “Ayselin hamiləliyi normal keçib. 9 ay müntəzəm müayinədən keçib. Bu müddətdə heç bir ciddi problemi, narahatlığı olmayıb. Sonra sahə həkimi ona doğuşu Abşeron Rayon Mərkəzi Xəstəxanasın Mamalıq-Ginikologiya Şöbəsinin müdiri Kəmalə Atakişiyevanın həyata keçirməsini məsləhət gördü. Dedi ki, yaxşı həkimdir. Aysel həmin həkimin qəbuluna anası ilə getmişdi. Ora gedəndə də qızımızın heç bir ağrısı olmayıb. Amma doğuş vaxtı, uşaq dünyaya gələndə isə qız keçinib. Onun ölümünü həmin gün bizə demədilər,  aldatdılar ki, hər şey yaxşıdır, sadəcə, Ayseli yuxuya vermişik. Üstündən bir gün keçdi, amma qız ayılmadı. Biz də xəstəxanadakılara dedik ki, nə baş verib, qız niyə oyanmır? Onlar bizimlə mübahisə elədilər, sonra dedilər ki, qızınız artıq keçinib. Həkimdən ölümün səbəbini soruşmaq istəyəndə o, bizə izahat vermək əvəzinə arxa qapıdan qaçdı. Balamızın iki körpəsi yetim qaldı”.

T.Əbilzadə bildirib ki, Aysel Məhərrəmovanın ölüm səbəbi kimi qıcolma göstərilib: “25 yaşı var idi. Bu yaşadək onda heç vaxt qıcolma görməmişdik. Yəqin ki, ona doğuşdan qabaq güc iynəsini dozadan artıq vurublar. Ayselin ölümünə elə bu səbəb olub”.


Yaxınlarının Aysel Məhərrəmovanın ölümündə ittiham etdikləri həkim Kəmalə Atakişiyeva ilə əlaqə saxladıq. 

News24.az-a bu haqda açıqlama verən həkim ittihamlara belə cavab verib: “Aysel hamiləlik dövründə mənim nəzarətimdə olmayıb. Mən yalnız doğuşu həyata keçirmişəm.O, Mediabad qəsəbəsindəki poliklinikanın qeydiyyatındaydı. Hamiləliyin gedişinə də oranın ginekoloqu nəzarət edib. Mənə doğuşa bir qədər qalmış müraciət edib,  mən də razılaşmışam. Həmin gün də Aysel yanıma gəlməzdən əvvəl səhər mənə zəng etdi ki, ağrılarım başlayıb. Gəldi, müayinə elədim, gördüm ki, doğuşun başlamasına çox az qalıb. Əməkdaşlarımıza tapşırdım ki, onu qəbul etsinlər. 

Mərhum xanıma doğuşdan qabaq nə iynə vurulub, nə dərman verilib. Çünki potoloji hal yox idi. O, mənim yanıma gələndə səhər saat 9 olardı. Doğuşu da günorta - saat 1, 2 arası etməyi düşünürdüm. Aysel həmin müddətdə sancı otağında başqa bir  hamilə xanımla danışırmış. O məqamda qıcolma baş verib və yerə yıxılıb. Mən otağa çatanda o, huşsuz vəziyyətdə idi. Uşaq da ana bətnində boğulurdu. Təcili təbii doğuşla uşağı xilas etdim. Amma ananın vəziyyəti düzəlmədi. Gərəkən bütün reanimasiya tədbirlərini gördük. Bir sutka onun vəziyyətinin yaxşılaşması üçün əlləşdik. Amma təəəssüf ki, nəticə olmadı. Onun ölümü hamımız üçün şübhəli qaldı”.

K.Atakişiyeva ekspertiza rəyində ölüm səbəbi kimi dölyanı mayenin embaliyasının göstərildiyini də qeyd etdi: “Bu hadisə 10 min xəstədən birində olur. 25 ildir həkiməm və bunu ancaq ədəbiyyatda oxumuşdum. Şəxsi təcrübəmdə ilk dəfə idi belə halla qarşılaşırdım. Belə patologiyada xəstəni xilas etmək qeyri-mümkündür. Dölyanı mayenin embaliyası o deməkdir ki, dölyanı maye ağ ciyərlərə gedən damarlara dolur və orada dərhal qanın tərkibi dəyişir. ”