Hikmət Babaoğlu: "Gələcəkdə şərqli-qərbli Zəngəzuru da vahid, bütöv görəcəyik"
    • 27-08-2021, 12:38
    • 825

Hikmət Babaoğlu: "Gələcəkdə şərqli-qərbli Zəngəzuru da vahid, bütöv görəcəyik"

"Avqust ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobilin təqdim edilməsi mərasimində iştirak etdilər. Bu şəhid və qazi ailələrinə dövlətimizin diqqət və qayğısının təzahüri olmaqla sosial-mənəvi kontekstdə mühüm bir hadisə idi. Ancaq tədbirdə Azərbaycan Prezidentinin söylədiyi nitq və verdiyi məsajlar isə tarixi strateji müstəvidə olduqca əhəmiyyətli idi".

Bunu News24.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

"Əslində Azərbaycan Prezidenti milli yaddaşımıza müraciət edərək əsirlər boyu xalqımıza qarşı necə məkrli siyasətin həyata keçirildiyi kontekstində son 101 ildə baş verən hadisələrin üstündə ayrıca dayandı. İlk dəfə "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsindən və tarixi vətənimiz olan Zəngəzurun bölünməsinədək olan məsələlərə toxunaraq qeyd etdi ki, 1920-ci ildə sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra həmin bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. 1923-cü il iyul ayının 7-də isə bizim ərazimizdə süni bir qurum "Dağlıq Qarabağ Muxtar Vilayəti" yaradıldı", - deyə H.Babaoğlu vurğulayıb.  

Millət vəkili qeyd edib ki, hazırki reallıq isə ondan ibarətdir ki, müzəffər Ali Baş Komandanımız tərəfindən bu acı gerçəklik dəyişdirildi.

"Azərbaycan Prezidentinin 7 iyul 2021-ci ildə imzaladığı sərəncamla tarixi ədalət bərpa edildi. Artıq uzun illər siyasi-iqtisadi və diplomatik müstəvidə manipulyasiya predmetinə, siyasi şantaj vasitəsinə çevirilən "Dağlıq Qarabağ" termini yoxdur. Azərbaycan ərazisində dağı və aranı ilə bütöv olan vahid Qarabağ iqtisadi rayonu və Qarabağ mahalı var.

Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonu var. Bu isə o deməkdir ki, Zəngəzurun Qərbi ermənilərin nəzarətindədir. İndi aranlı-dağlı Qarabağı vahid gördüyümüz kimi gələcəkdə şərqli-qərbli Zəngəzuru da vahid, bütöv görəcəyik.

Hazırki tarixi mərhələdə isə Qarabağı və Şərqi Zəngəzuru Azərbaycan Prezidenti İlham Əliyev sözün həqiqi mənasında cənnətə çevirməkdədir. Hər iki iqtisadi rayonda görülən böyük loqistika və kommunikasiya işləri, yol-nəqliyyat və enerji kommunikasiyaları ən qısa zamanda bu torpaqlarımızda olan iqtisadi potensialın milli iqtisadiyyatımıza qazandırılması ilə nəticələnəcək. Buna parallel olaraq məcburi köçkün olan vətəndaşlarımızı öz ana yurdlarına qayıdacaq. İllərdir həsrətilə yaşadığımız Böyük Qayıdış arzusu reallığa çevriləcək".

Siyasət şöbəsi