Azərbaycanlı professor: “Vaksinə inamsızlıq YOLUXMANI ARTIRIR”
    • 31-08-2021, 18:08
    • 366

Azərbaycanlı professor: “Vaksinə inamsızlıq YOLUXMANI ARTIRIR”

“Vaksinasiya olunduqdan sonra immuniteti formalaşan şəxslərin içərisində ölüm halı qeydə alınmayıb”.

Bunu News24.az-a açıqlamasında tibbi ekspert, professor Adil Qeybulla deyib.

Professor vaksinasiyanın insan orqanizmində fəsad yaratmadığını və xəstəlikdən qurtuluş yolu olduğunu deyib: “Bütün dövrlərdə vaksinasiya nəzarət altında olub. İndi xüsusilə, nəzarətdədir. Hələlik vaksinasiya müddətində sistemli problem aşkar olunmayıb. Müəyyən epizodlar var. Məsələn, vaksin olunan şəxslərdə qızdırma, allergiya, peyvənd olunan nahiyədə ağrılar və s. baş verib. Bunlar adi haldır. Vaksinasiyanın hər iki dozasını vurduqdan ay yarım sonra immunitet formalaşır. Vaksin olunan bir şəxs 45 gündən sonra xəstəliyə tutulursa, bu məsələ ciddi araşdırılmalıdır. Deməli, vaksinin effektivliyi yetərli olmur. Ancaq bir insan vaksin olunub 5 gün sonra xəstəxanaya yerləşdirilirsə, bu, o deməkdir ki, həmin şəxsdə xəstəlik başlayıb və həmin müddətdə vaksinasiya olunub. Yəni hər situasiya aydınlaşdırılmalıdır. Vaksin olunan şəxslərin virusa yoluxub yüngül keçirməsi halları var, ancaq ölüm halı yoxdur. Mən özüm 3-cü dozanı vurdurmuşam: iki “CoronaVac” (Sinovac) vaksini və bir buster doza “Pfizer”. Özümdə ciddi bir narahatlıq hiss etməmişəm. Vaksinasiyanı normal keçirmişəm. Ətrafımda vaksin vurduran həkimlərin heç birində ciddi problem olmayıb”. 

A.Qeybulla bildirib ki, cəmiyyyətdə çox ciddi anti-vaksin kampaniyası aparılır: “Bu isə ümumi işə xeyli ziyan vurur. Vaksinə qarşı inamsızlıq az olsaydı, biz cəmiyyətimizi xeyli qorumuş olardıq. Bizdə baş verən dalğa Almaniyada yüngül keçdi. Çünki insanlar vaxtında vaksinasiyadan keçdilər, dövlət qurumlarına inandılar və bütün prosedurlara əməl etdilər”.