Ana və yaş yarımlıq körpəsi öldü- Azərbaycanda daha bir ailə faciəsi - Yeniləndi
    • 2-09-2021, 12:21
    • 425

Ana və yaş yarımlıq körpəsi öldü- Azərbaycanda daha bir ailə faciəsi - Yeniləndi

Bakıda ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb.

News24.az-a daxil olan məlumatda deyilir:

"İctimaiyyətin diqqətinə çatdırmaq istərdik ki, sosial şəbəkələrdə Aytən Niftəliyeva və körpə qızının ölümü ilə nəticələnən hadisə barədə yayılan məlumatla bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər biri tərəfindən öz səlahiyyətləri çərçivəsində birgə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bu kimi hadisələrin cəmiyyəti sarsıdan, insanlara və ailələrə faciəvi təsirini önləmək üçün vətəndaşlardan məişət zorakılığı hallarının şahidi olduqda Komitəyə, o cümlədən 860 qaynar xəttinə müraciət etmələrini xahiş edirik.

Bir daha qeyd etmək istəyirik ki, qadınlara, uşaqlara, o cümlədən öz doğmalarına qarşı zorakılıq yolverilməzdir və biz hamılıqla belə halları şiddətlə qınamalı, həmçinin öz vətəndaşlıq borcumuzu yerinə yetirərək müvafiq dövlət orqanları və ictimai qurumlarla birgə bu bəlaya qarşı mübarizə aparmalıyıq".

Xatırladaq ki, Bakıda ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanılıb.

***

Bakıda ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib.

Belə ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib.

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılır.

***

"Bu gün də anası 64 sınıq nəticəsində daxili qanaqmalardan dünyasını dəyişdi... Anası ilə danışdığımda "Bircə balam yaşasın..."dedi... Balası isə ölümündən xəbəri olmadığı körpəsini anasına vəsiyyət etdi... 1 həftə içində ikinci ANA ölümü... Hər ikisi ailə münaqişəsi... Hər ikisinə də psixi problemli qadın, gəlin dedilər..."

News24.az xəbər verir ki, bunu "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb.

O bildirib ki, 30 avqustda Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə əri Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb. Nəticədə1  yaş yarımlıq körpə anası ilə bərabər ailəyə məxsus 3 mərtəbəli şəxsi binadan yerə yıxılıb və Tahirə yerindəcə dünyasını dəyişib. Gənc ana isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Ağır xəsarətlər alan Aytən Niftəliyeva ötən gecə vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi araşdırılır.