Elnarə yeni klipini idmançılarımıza həsr etdi - VİDEO
    • 3-09-2021, 15:32
    • 895

Elnarə yeni klipini idmançılarımıza həsr etdi - VİDEO

Müğənni Elnarə Xəlilova “Əvəzimi tap” adlı yeni mahnısına çəkilən klipini təqdim edib. 

News24.az xəbər verir ki, mahnının söz və musiqisi Şəhriyar Ramazanzadə, aranjeman Hasan Haidaryə məxsusdur. 

Klipin əsas süjet xətti kick-boxing idman növü ilə məşğul olan insanlar üzərində qurulub. Ekran işində Elnarə kick-box idman növü ilə məşğul olan xanımı canlandırır. Müğənni ilk dəfədir bu tərzdə və belə bir obrazda kameralar qarşısına çıxdığını deyib: “İdmanı çox sevirəm və həyatımın ayrılmaz hissəsidir. Uzun zamandır ki, idman mövzusunda bir iş ərsəyə gətirməyi düşünürdüm. Tokio 2020 Yay  Olimpiya və Paralimpiya Oyunları mənə bir stimul verdi. Klipimi Olimpiya və Paralimpiya Oyunlarının  qalibi olan və medalllar qazanan idmançılarımıza həsr edirəm”. 

3 aydır bu obraza hazırlaşan müğənniyə tanınmış idmançılar,  “Cobra” İdman klubunun müəllimləri Faiq Abdullayev və Mehman Umudov kick-box dərsləri keçib. Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılıb. Mahnıya rejissor Bəhruz Qurbanlı quruluş verib. Klipin stilisti Könül Aslanova, qrim üstası Fatimə Vazehidir.