“Sülhməramlıların VAXTI AZALIR" – Hikmət Babaoğlu
    • 6-09-2021, 14:51
    • 650

“Sülhməramlıların VAXTI AZALIR" – Hikmət Babaoğlu

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində sülhməramlıların fəaliyyətindən narazılığını dilə gətirib.  O bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir. Hikmət Hacıyev vurğulayıb ki, bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər. 

Millət Vəkili Hikmət Babaoğlu məsələni News24.az-a şərh edib.

O bildirib ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev BBC-yə açıqlamasında iki mühüm xüsusa diqqət çəkir: “Birincisi bir daha rəsmi Bakının mövqeyini bütün dünyaya bəyan edərək qeyd edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və beynəlxalq hüquqla tanınan ərazilərinin hər qarışında, o cümlədən  kiçik erməni icmasının kompakt yaşadığı ərazilərimizdə öz suveren hüquqlarını tətbiq edəcək. İkinci məsələ isə ondan ibarətdir ki, Rusiya sülhməramlıları ölkəmizin ərazisində Azərbaycanın icazəsi ilə fəaliyyət göstərir və onlar müvəqqəti olaraq keçici missiya həyata keçirirlər. Rusiya - Azərbaycan münasibətləri qarşılıqlı etimada və hörmətə əsaslanan əməkdaşlıq kontekstində baş tutub. Ona görə də tərəflər bu siyasi etimad mühitini zədələyə biləcək hər hansı addımı atmamalı, maksimim ehtiyatla davranmalıdırlar. Ancaq təssüf ki, biz  zaman – zaman Rusiya sülhməramlılarının öz missiyalarından kənara çıxdıqlarının, erməni silahlı birləşmələrinin mövcud olmalarına göz yummalarının, adını fiziki hazırlıq qoyub erməni gənclərə hərbi təlim keçmələrinin və Laçın dəhlizindən bəzən yaraqlıların, bəzən də Azərbaycan vətəndaşı olmayan kimlərinsə Azərbaycan ərazisinə qanunsuz keçmələrinə göz yumduqlarının şahidi oluruq. Üstəlik Azərbaycanda yaşayan icmanın yaşadığı ərazini “Dağlıq Qarabağ Respublikası,” kimi adlandırır və orada olan sülhməramlıların təminatı üçün tender keçirdiklərini elan edirlər.  Bunlar yolverilməzdir və haqlı olaraq Azərbaycanda narahatlıq yaradır. Hikmət Hacıyev məhz bunları nəzərdə tutaraq çox vacib bir  xatırlatma edir ki, sülhməramlı missiya müvəqqətidir və onlar məhz Azərbaycanın ərazisindədilər. Yuxarıda sadaladığımız qeyri-qanuni hərəkətlər isə Azərbaycanın suveren hüquqlarının pozulmasıdır. Ona görə də bənzər hallar bir daha təkrar olunarsa, Azərbaycan daha qəti addımlar ata bilər”.

Millət vəkili qeyd edib ki, 10 noyabr üçtərəfli razılaşmasında hər şey çox aydın qeyd olunub: “Rusiya sülhməramlılarının Azərbaycanda fəaliyyət müddəti 4 il yarım müəyyənləşdirilib və artıq az qala onun 1 ili başa çatmaq üzrədir. Ona görə də önümüzdəki 3 il yarım kimi qısa müddəti nəzərə alaraq daha çox sülhməramlıların öz ölkələrinə dönməsi məsələsi yavaş-yavaş aktuallaşdırılmalıdır. Nəinki onlara hansısa əlavə mandat, yaxud hüququn verilməsi. Hazırkı şəraitdə isə yalnız bir məsələni müzakirə etmək olar. Bu da ondan ibarətdir ki, sülhməramlılar öz səlahiyyət zonalarında olan erməni silahlı birləşmələrini dərhal Azərbaycan ərazisindən çıxarmalı, bəzi süni təşkilatların hansısa xüsusi günlərlə bağlı təxribatçı tədbirlər keçirmə cəhdlərinin qarşısını almalı və icma nümayədələrinə açıq şəkildə bildirməlidilər ki, sülhməramlı fəaliyyət heç bir yerdə əbədi olmur. Onlar 10 noyabr üçtərəfli razılaşmasında nəzərdə tutulan müddətdə öz missiyalarına son verəcəklər və yaxşı olar ki, həmin müddət ərzində ermənilər Azərbaycan qanunları ilə yaşamağı öyrənsinlər”.

Siyasət şöbəsi