“Füzuli Limanı Qarabağın HAVA QAPISIDIR, vətəndaşlarımız ZƏFƏR SƏFƏRİ edəcək” – Millət vəkili
    • 7-09-2021, 12:46
    • 857

“Füzuli Limanı Qarabağın HAVA QAPISIDIR, vətəndaşlarımız ZƏFƏR SƏFƏRİ edəcək” – Millət vəkili

“Füzuli Hava Limanının istifadəyə verilməsi bizi Zəngəzur dəhlizinin astanasına gətirib çıxarır”.

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili sentyabrın 5-də Azərbaycanın iki hava təyyarəsinin Füzuli Hava Limanına eniş etməsini zəfər tariximizin daha bir şanlı səhifəsi kimi qiymətləndirib: “Cənab prezidentin qeyd etdiyi kimi, bu hadisə Qarabağa, Şərqi Zəngəzura böyük qayıdışımızın reallığa çevrilməsi anlamına gəlir. Füzuli Limanı Qarabağın hava qapısıdır. Bütün beynəlxalq standartlara cavab verən hava limanı cəmi 9 ay müddətinə tamamlandı. Füzuli Hava Limanının inşa edilməsi “Böyük Qayıdışın” start verməsinə zəmin yaratdı. Bundan əlavə 2 hava limanı da Qarabağda istifadəyə veriləcək. Onların mülki istifadəsi ilə yanaşı hərbi təyinatı da var. Lazım olan anda həmin hava limanlarından hərbi təyinat üzrə də istifadə edə biləcəyik. Bu, həm də Ali Baş Komandanın uzaqgörənliyinə işarə edir”.


V.İskəndərov Füzuli hava Limanının əhəmiyyəti barədə bunları deyib: “Hava limanları iqtisadi cəhətdən gəlir gətirən obyektlərdir. Bu liman həm xarici turistlərin, həm də yerli vətəndaşlarımızın dilbər guşələrimizə getməsi üçün önəmli vasitədir. Vətəndaşlarımızın Füzuliyə hava vasitəsilə getməsini zəfər səfəri də adlandırmaq olar”.

Deputat vurğulayıb ki, biz tezliklə Qarabağda dinamik, qaynar həyatın şahidi olacağıq: “30 ilə yaxın həsrətində qaldığımız bölgələrimizi hər birimiz tezliklə gəzib görəcəyik. Bu işlərin sürətlə və keyfiyyətlə görülməsi həm də Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Bu günə qədər qısa vaxt ərzində dünya səviyyəli hava limanının inşasının şahidi olmamışam. Ölkə başçısı da bunu vurğulamışdı. Bu limanın qısa müddətdə inşası ölkənin siyasi rəhbərinin gücündən xəbər verir. İlham Əliyev dünyanın sayılıb-seçilən, xüsusi çəkisi olan liderlərindən biridir. Son zamanlar dondurulmuş münaqişələrin mövcudluğunu nəzərə alsaq, biz Qarabağa qayıdışımızla həm də dünyaya bəyan edəcəyik ki, güclü ölkəyik, heç kim bundan sonra Azərbaycanla hərb dilində danışa bilməz. 

Zəngəzur dəhlizinin açılması ilə həm dəmir yolu, həm avtomobil yolu və eyni zamanda hava limanlarından istifadə ölkəmizin iqtisadi gücünü daha da artıracaq. Həmçinin turizm potensialının tezliklə yüksəldiyinə şahid olacağıq”. 

Siyasət şöbəsi