İlin sonuna Azərbaycanda qazlaşdırılma 95,7%-ə çatdırılacaq
    • 16-11-2018, 22:30
    • 942

İlin sonuna Azərbaycanda qazlaşdırılma 95,7%-ə çatdırılacaq

Bu gün Azərbaycanda əhali sektoru üzrə qaz sayğacları ilə təmin edilməsi göstəricisi 100 faizdir. Kənd yerlərində gələcəkdə yeni smart-kart tipli sayğaclar quraşdırılacaq.

Bunu bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev birliyin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bəzi yerlərdə smart-kart tipli sayğacların quraşdırılmamasına səbəb kənd yerlərində ödəniş məntəqələrinin olmaması ilə bağlıdır: “Bu ilin yanvar-oktyabr ayları ərzində “Azəriqaz” tərəfindən 2 848 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 208,8 km qaz kəməri əsaslı təmir olunub. Bu il ölkədə 99 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib".
Ə. Hacıyev deyib ki, ilin sonuna qədər əhali sektoru üzrə qazlaşdırılma 95,7 faizə çatdırılacaq. "Bu il əsas güc rayonların ətrafında olan yeni massivlərin qazlaşdırılmasına yönəldiləcək”.

//Report