Faiq Ağayevin yetirməsinin yeni klipi - VİDEO
    • 17-11-2018, 10:42
    • 2 388

Faiq Ağayevin yetirməsinin yeni klipi - VİDEO

"Səs Azərbaycan" musiqi müsabiqəsinin finalçısı Tofiq Hacıyev yeni klipini təqdim edib.

Xalq artisti Faiq Ağayevin qrupunda yarışmış istedadlı gənc müğənni özü söz və musiqi müəllifidir. Bundan əvvəl Tofiq müəllifi olduğu öz mahnısına klip çəkdirib, tamaşaçılara təqdim etmişdi. Bu dəfə isə sözü və musiqisi Ünal Məmmədova məxsus "Sən" adlı ritmik mahnıya klip çəkdirib. Klipin rejissoru Orxan Süleymanlı, ideya müəllifi Emil Musayevdir. Klipdə müğənninin tərəf müqabilləri aparıcı Pərvanə Tahirqızı və Ulduz Bayramdır. Artıq efirlərdə yayımlanan klip tamaşaçı rəğbəti qazanıb. Mahnının aranjimanı Emil Əliyevə məxsusdur.

Müğənni klip üçün məxsusi olaraq saçlarını gümüşü rəngə boyayıb. 

Tofiq Hacıyev gənc olmasına baxmayaraq, onun Azərbaycan mədəniyyəti sahəsində bir sıra xidmətləri var. İxtisasca rejissor olan müğənni həm də incəsənətin bir sıra sahələrində - rejissor və aktyor kimi fəaliyyəti olub. O, Azərbaycanda keçirilən Formula 1 yarışlarının rəsmi "Könüllülər himni"nin söz-musiqi müəllifi və ifaçısıdır. 
2015-ci ildə Bolqarıstanda keçirilən "Discovery International Pop Music" festivalında "2015 Avropanın ən xarizmatik artisti " nominasiyasının qalibidir.
Azərbaycan Televiziyasının Mədəniyyət kanalı ilə Heydər Əliyev Sarayının birgə layihəsi olan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan tarixində ilk dəfə baş tutan "Ələddin" uşaq müziklində rol alıb. 

Tofiq Hacıyev yaxın günlərdə müəllifi olduğu mahnılardan birinə Kanadada çəkilmiş klipi də təqdim edəcək.

Azər NƏSİBOV