Üzeyir bəyin dağılmış evindən VİDEOREPORTAJ - Fotolar

Üzeyir bəyin dağılmış evindən VİDEOREPORTAJ - Fotolar
QARABAĞ / Foto / Video / MƏDƏNİYYƏT

20-09-2021, 20:46

Mətn ölçüsü

- "Salam, Ülkər xanım"

- "Salam, xoş gördük" 

- 18 sentyabrda Şuşaya getmək istəyirsiniz? 

- Necə? 

- Şuşaya getmək istəyirsiniz? 

Çoxdan gözlədiyim suala dilimdən qabaq göz yaşlarım cavab verdi. Sevincdən ağlayırdım. Şuşaya, özü də sentyabrın 18-də... Allah bu qədərmi içimdəki arzunu duyurmuş?! Bu arzumu gerçək etmək üçün Qalibiyyətdən 10 ay sonranı gözləyirmiş?! Bəlkə də bu istəyim tez gerçəkləşə bilərdi. Amma məhz sentyabrın 18-i, Musiqi günü... Bu, möcüzəydi... 

Hıcqırtımı eşidir dəstəyin o başındakı məsul şəxs:

- Dəvətlisiz, hazırlaşın...

Dəstəyi qoyub tez-tələsik təəssüratımı rəfiqəmlə paylaşmağa tələsirəm. İşdə o biri otağa keçib Rənaya, "mənə zəng gəldi, Şuşaya dəvət edirlər, gedirəm...." Həyəcandan bir yerdə dayana bilmirəm. Şuşanın ətrini damla-damla içimə çəkəcəyim an üçün daha çox səbirsizlənirəm, həyəcanlanıram. İçim-içimi yeyir, birdən unudarlar, birdən vaz keçərlər... Xəstələnməyim, səfərdən qalmayım deyə özümü yoluxma qorxusundan daha çox qorumağa başlayıram. Artıq sentyabrın 16-dır, zəng gəlmir. "Yəqin gedəsi olmadım", deyə fikirləşib ümidsizlənirəm... Amma təlaşım boşunaymış. Axşama yaxın təkrar zəng gəlir.

- Hazırsınız? 

- Elə bildim zəng etməyəcəksiniz, gedirik?

- Dediyim kimi, hazır olun, 18-i gecə yola çıxırıq... 


Artıq xəyalən Şuşadayam. Gedəcəyim yerlərin planını qururam. İlk məkanım Üzeyir Hacıbəylinin Şuşadakı evi olacaq. Bu istəyimi deyəndə "ora çox dağlmış vəziyyətdədir və qapalıdır" deyə bildirilir. Amma vaz keçmirəm...

Şuşada, "Üzeyir bağı" adlandırılan məkanda 30 ildən sonra ilk dəfə dahi bəstəkarın musiqiləri səslənir. Hər kəs kövrəlir, mən də ağlayıram...
Amma həm də axtarışdayam... Soruşuram, "Üzeyir bəyin evi hansıdır?". Məkanı mühafizə edən polis əməkdaşı göz yaşlarımı görüb "buradır, xanım" deyir... 

Ətrafa baxıram...

- "Axı burda ev yoxdur? Dəqiq buradır". 

Əlini uzadır və dəhşət! 



Dağılmış, viranə qalmış, düşmənin darmadağın elədiyi bu tikili Üzeyir bəyin Şuşadakı eviymiş. Heyrətlə baxıb "axı, ev yoxdur" dediyim ünvan onun doğulub-böyüdüyü məkanmış... Bu mənzərə, daşa-torpağa, tikiliyə olan bu acımasız, nifrət dolu münasibət onların, mənfur düşmənin Azərbaycana, onun mədəniyyətinə, tarixinə, musiqisinə olan nifrətinin bariz göstəricisiydi. 

Çox böyük ağrıyla gördüklərimi beynimə həkk eləyirəm...


Amma az sonra içimdəki acını bir ümid, bir sevinc əvəzləyir. Üzeyir bəyin bağında ucaldılan əzəmətli heykəli və səslənən möhtəşəm musiqi ovqatımı tamamilə dəyişir.
 
Gördüklərimdən kədər içindəyəm... Həm də sevincliyəm... Şuşa, Üzeyir bəyin evi və "Koroğlu üvertürası! Biz Şuşada, Qarabağda dağılan bütün evləri, ocaqları isidəcəyik. Hər kəs öz yurduna dönəcək, Şuşalılar da, 30 ildə nigaran qalan ruhlar da... Üzeyir bəyin ruhu kimi...





Ülkər Qasımova
Nicat Niftəliyev 

Şuşa





YouTube