Ziyarətgaha çevrilən YURD YERİ -
    • 22-09-2021, 21:33
    • 517

Ziyarətgaha çevrilən YURD YERİ - "MƏNİ ŞƏHİD BALALARIMIN RUHU QORUYUR" - VİDEOREPORTAJ

Dizini torpağa qoyub əllərini göyə açır. "Çox şükür" deyib hönkürür. Hönkürtü səsi daha da yüksəlir... Dayanmayan göz yaşları, "Allaha şükür" sədaları ədalətin bərqərar olmasına sevincin ifadəsidir. 

29 il əvvəl, 1992-ci ilin may ayının 8-də uşaqlıqlığını, gəncliyini, yurd-yuvalarını, ilk sevgilərini, xatirələrini, dünyadan köçmüş əzizlərinin məzarlarını çarəsizcə qoyub çıxan Şuşalıların İlahiyə təşəkkürü, şükranlıqlarıdır... 



- Salam Şuşam, necəsən? Yorulmusan? Sən də mənim qədər darıxmısan? İnciksən? Səni unutduğumuzu zənn eləmisən? Elə deyil.. Hiyləgər düşmənin havadarları çox idi. Bunun üçün də ayrılığımız uzun çəkdi... Ötən 29 ildə səni bir an belə unutmadım. İzn ver, qucaqlayım səni, bağrıma basım, torpağını öpüb gözümün üstünə qoyum, ziyarətgaha çevrilən hər qarışını əzizləyim... 

Sən də məni bağrına bas, mənimlə danış. Bizsiz qalan illərini, içinə çökən ağrılarını mənimlə bölüş...


Yəqin məni xatırladın. Sonuncu dəfə 15 yaşında gördüyün Səadətəm. 29 ilin hər günü səni yuxularında gəzən, xəyalında axtaran yeniyetmə qız. Bax, mən qayıtdım, sənə döndüm.

- Şuşa: "Mənsiz ötən 29 ildə sən də yaşlanmısan, ürəyin qubar bağlayıb. Sarıl mənə, qucaqla, bas bağrına. Həsrət bitdi. Torpağım, daşım müqəddəsləşmiş gəlmişəm qarşına, daha da böyümüşəm. Bilirsən, uğrumda necə oğullar şəhid oldu? Bilirsən, məni hər gün neçə igidin ruhu qoruyur? Əmin ol, daha ayrılmayacağıq, çünki həmişəlik qovuşduq, əbədi!"  

15 yaşında çıxıb Səadət xanım Şuşadan... İndi 44 yaşındadır... Şuşaya girəndə uşaq kimi "məktəbimiz, bax, burda "gizlənpaç" oynayardıq, bura Şakir dayıgilin evidir, həyətin darvazasından görünən budaqlarda qoymazdıq meyvə qala, dərib yeyərdik" deyə qışqırır. Birdən duruxur: "Evimiz... Evimiz hanı bəs?" Yenə ağlayır, üzünü yıxıq evin daşlarına sürtür...


Səadət Şuşanı qucaqlayıb öpür. Göz yaşları aram-aram müqəddəs torpağa qarışır: "Yanan külünə qurban olum. Görüşümüz gerçəkdir. Səni yenidən sevgimlə quracam, ürəyimlə, məhəbbətimlə daşının üstünə daş qoyacam. İsinməyən ev, qızınmayan ocaq qalmayacaq. Səadətin sənə, sən də səadətinə qovuşdun!"


Müəllif: Ülkər Qasımova 
Video: Nicat Nifətliyev 

- Şuşa -