Milli Qəhrəmanın qızı anasının necə şəhid olmasından danışdı - VİDEO
    • 23-09-2021, 14:59
    • 481

Milli Qəhrəmanın qızı anasının necə şəhid olmasından danışdı - VİDEO

Düşünsəm xəyalımdan belə keçməzdi ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid hərbi həkim Gültəkin Əsgərovanın qızı Əminə Axundova ilə ilk görüşüm Şuşada, Gövhər ağa məscidində baş tutacaq.

Əslində biz Əminə xanımı Milli Qəhrəmanımız Gültəkin xanımın adı ilə tanımışıq, onun qızı kimi sevib, adını ehtiramla çəkmişik.

Şuşada ailə üzvləri, doğmaları ilə ziyarətdən gələrkən qarşılaşdıq. Tanışlığımızdan sonra müsahibə xahiş etdim, vaxtının məhdud olmasına baxmayaraq bizimlə görüşüb söhbət etdi: “Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımın övladlarını görəndə məni qəhər götürür, gözlərim dolur. Çünki uşaqkən məndə onlar kimi idim. Mən anamı çox erkən itirmişdim. Hesab edin ki, 9 yaşımdan sonra mənim uşaqlığım olmayıb. Demək olar ki, ardıcıl tədbirlər, anamla bağlı xatirələr və bu xatirələri bölüşərək böyümək taleyini yaşadım. Belə böyümək çox ağır idi. Bu uşaqlıq deyildi, mən uşaqlıq görmədim.

Mən indi şəhid övladlarını gördükdə yenidən o hissləri yaşayıram və çox pis oluram. Bu çox ağır bir həyatdır. Amma bu gün Şuşaya gəlməyimiz mənim üçün çox qürurvericidir. Çünki mənim anam Milli Qəhrəman Gültəkin Əsgərovanın hərbi həkim kimi yolu məhz Şuşadan başlayıb. Şuşa alınmaz qala və bizim qürur mənbəyimizdir. Allaha şükür ki, biz Şuşamızdayıq. Bu hisslər sözlə ifadə oluna bilməz”.

Deyir ki, anam Cavadzadə adına klinikada anestezioloq, reanimatoloq idi:

“Bir gün səhər iclası zamanı bildirilir ki, Qarabağda işləyəcək həkim lazımdır, yarlıları qan aparır. Bir an belə düşünmədən qərar verir. Hamı başına yığışır və deyirlər ki, “Gültəkin sənin azyaşlı övladın var, sən qadınsan”. Hətta Şuşada onu ilk görənlər belə deyir ki, “Gültəkin xanım Bakıda bir başıpapaqlı tapılmadı ki, Şuşaya sizi göndərdilər?” Anam isə cavabında: “Həkimlərdə başıpapaqlıdır” deyərək cavab verir. Şəhərdə böyümüş qız beləliklə Şuşaya gəlir. Bakıda gözəl işini, ailəsini və məni buraxır... 1992-ci ilin aprelində Şuşaya gəlir, burda açlışır və yenidən Bakıya göndərilir. Yenidən Ağdama qayıdır, hospitalda oturmaq əvəzinə səngərə gedir, deyir ki, yaralılar səngərdən gətirilənədək qan itirəcək. Elə orda da snayper gülləsinə tuş gəlir”. 

Əminə xanım deyirki, şükürlər olsun, indi Gültəkin xanımın adını daşıyan nəvəsi böyüyür, bu adın məsuliyyətini dərk edir və kənarda bu hiss olunur: “Yolu gələ-gələ xalalarıma bir söz dedim. Dedim ki, istəyirəm ki, mən nəvələrimiz buraya gətirim. Deyim ki, görün Şuşa nə gözəldir”. 
/APA TV/