Deputatlar Baş Prokurorluqda - FOTOLAR
    • 23-09-2021, 17:37
    • 335

Deputatlar Baş Prokurorluqda - FOTOLAR

Sentyabrın 23-də Azərbaycan Prokurorluğunun yaradılmasının 103-cü ildönümü, habelə 1 oktyabr “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə prokurorluq əməkdaşlarını təbrik məqsədilə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində olmuşlar. 

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, tədbir çərçivəsində qonaqlar inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olmuşlar.

Daha sonra Baş prokurorun müavini Elmar Camalovun rəhbərlik etdiyi heyətlə qonaqlar arasında qarşılıqlı ikitərəfli görüş keçirilmişdir. 

Görüş zamanı qonaqlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal hüquq mühafizə siyasəti və yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının  fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirildiyi, infrastrukturunun yaxşılaşdırıldığı vurğulanmış, prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar, əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilmişdir.

Mərasim zamanı çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə görülən işlərdən məmnunluğunu bildirmiş, 1 oktyabr “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə bütün prokurorluq əməkdaşlarına uğurlar arzu etmişdir.

Daha sonra görüşdə qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.