“Onların etdiyi hərbi baxımdan axmaqlıq idi”
    • 24-09-2021, 12:40
    • 331

“Onların etdiyi hərbi baxımdan axmaqlıq idi”

“Hadrut ətrafındakı bütün hakim yüksəkliklərə nəzarəti təmin etməyimizdən sonra mahiyyət etibarilə bu şəhərin taleyi artıq həll edilmişdi”.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə Hadrut əməliyyatının vacibliyindən danışarkən bildirib.

“Bizi orada gözləmirdilər və erməni tərəfi bizim məhz həmin istiqamətdə hərəkət edəcəyimizi ehtimal etmirdi. Bu, düşmən üçün tam gözlənilməz oldu. Hadrutu azad etməyimizdən bir neçə gün sonra erməni tərəfi inadla həmin əraziyə nəzarət etdiklərini iddia edirdi. Hadrutda bütün hakim yüksəkliklərdə bizim döyüşçülərimiz olsa da, erməni rəhbərliyinin şəhərin alınıb-alınmamasını başa düşməsi bir qədər diletant xarakter daşıdı. Minimal itkilərlə oraya fiziki olaraq daxil olmağımız artıq sadəcə zaman məsələsi idi”, - deyə İlham Əliyev qeyd edib. 

Dövlət başçısı bildirib ki, televiziya efirində Hadrut şəhər rəhbərliyinin binasının üzərində azərbaycanlı hərbçilər bayrağımızı qaldırdıqda və Prezidentə Hadrutun azad olunması ilə bağlı məruzə etdiklərində erməni tərəfinin nağıl yazmağa davam etmək üçün heç bir arqumenti qalmamışdı. 

“Üstəlik, hətta ilk dövrdəki hərbi əməliyyatlar zamanı da erməni tərəfi əks-hücuma keçməyə cəhd edərkən səhvlərə yol verdi. Bu isə hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiəni gücləndirmək əvəzinə bütün qüvvələrini əks-hücuma yönləndirdilər və tamamilə məhv edildilər”, - deyə prezident əlavə edib.