“Ərdoğan Putini ÇIXILMAZ vəziyyətdə qoyub, Paşinyan SÜLH İSTƏYİR” - ŞƏRH
    • 24-09-2021, 13:39
    • 869

“Ərdoğan Putini ÇIXILMAZ vəziyyətdə qoyub, Paşinyan SÜLH İSTƏYİR” - ŞƏRH

“Ermənistan şərtlərə əməl edərsə, həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər. Ancaq Ermənistanın bu mövzuda sadəcə sözdə deyil, nəticə verən və görünən addımları atması lazımdır”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müsahibəsində deyib.

Bundan əlavə, son zamanlar Azərbaycanın siyasi arenasında ortaya belə bir iddia atılıb ki, Ermənistan sülhə meyillidir, lakin xarici dairələr buna imkan vermir. 

Politoloq Cümşüd Nuriyev məsələni News24.az-a şərh edib. 

O bildirib ki, hər iki versiya düzgündür: “Ermənistan hazırda həm Türkiyə, həm də Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası ilə əlaqədar beynəlxalq müqavilə bağlamaq üçün danışıqlara getmək istəyir. Paşinyan və onun komandası bu məsələdə maraqlıdır. Ancaq Rusiya, İran və erməni kilsəsi ona maneə törədir. Son 100 ili çıxmaq şərtilə uzun illər ərzində Ermənistanda dövlət olmayıb. Orada həmişə kilsə dövlət statusunda olub. Varlılar kilsə üzərindən öz siyasətlərini həyata keçiriblər. Azərbaycan bu mifi dağıdandan sonra artıq kilsə dövlət statusunda çıxış edə bilmir. Ona görə də bunların dövlətçilik təcrübəsi olmadığı üçün uzağı görə bilmirlər”.

Politoloq qeyd edib ki, son bir ildə Mövlud Çavuşoğlu Azərbaycanın maraqlarını dünya siyasətində yaxşı formada təqdim edib: “O, peşəkar bir diplomatdır. Görünən odur ki, Azərbaycanın xarici siyasətini Türkiyə XİN-i yaxından izləyir və belə bir açıqlama verməyi özünə borc bilib. 

Sərhədlərin açılmasına artıq Türkiyə də razılıq verib. Ərdoğan bəyan etdi ki, isti münasibətlər qurmağa hazırdır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də barışdırıcı statusda çıxış etməyə hazır olduğunu nümayiş etdirib. Çünki Paşinyan bu mesajı Qaribaşvili vasitəsilə göndərib. 29 sentyabrda Türkiyə və Rusiya prezidentlərinin Soçidə baş tutacaq görüşü çox məsələyə aydınlıq gətirə bilər. Türkiyə və Rusiya arasında vəziyyət həddən artıq gərgindir. Ola bilər ki, Azərbaycanla Ukraynanın maraqları müstəvisində Türkiyə Azərbaycana üstünlük versin. Ərdoğan bütün kartlarından istifadə edib və Putini çıxılmaz vəziyyətdə qoyub. Buna görə də qarşılıqlı güzəştlər olmalıdır. Ərdoğan Azərbaycanla bağlı güzəşti əldə etmək üçün Ukrayna məsələsini gündəmə gətirib. Rusiya bu məsələyə çox hiddətlənib. Çavuşoğlunun çıxışı təsadüf deyil. Türkiyə və Azərbaycanın sərhədi açması Ermənistana hava-su kimi lazımdır. Ermənistan istənilən vaxt Rusiyadan üz döndərə bilər. Çünki buna məcbur olunub. Azərbaycan və Türkiyənin birgə yürütdüyü xarici siyasət kifayət qədər uğurludur. Nəticənin olacağına da inanıram”. 

Siyasət şöbəsi