Sahibə Qafarova Qazaxıstana səfər edəcək
    • 25-09-2021, 12:06
    • 630

Sahibə Qafarova Qazaxıstana səfər edəcək

Sentyabrın 27-dən 29-dək Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar və rəsmi səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Fazil Mustafa, Hikmət Məmmədov, Nizami Cəfərov, Cavanşir Feyziyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Parlament nümayəndə heyəti Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TürkPA-nın 10-cu plenar sessiyasında iştirak edəcək, gündəlikdə duran məsələlərin müzakirəsinə qatılacaq. Sessiyada Milli Məclis sədrinin çıxışı nəzərdə tutulub. Tədbirin sonunda Türküstan Bəyannaməsi imzalanacaq.

Sentyabrın 28-də Milli Məclisin nümayəndə heyəti Nur-Sultan şəhərinə gələcək. Burada Qazaxıstan Respublikasına rəsmi səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Qazaxıstanın Birinci Prezidenti Elbası Nursultan Nazarbayevlə, ölkə Prezidenti Kasım-Jomart Tokayevlə, Qazaxıstan parlamentinin hər iki palatasının sədrləri Maulen Aşımbayev və Nurlan Niqmatulinlə, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşləri gözlənilir.

Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf istiqamətləri, regional və ikitərəfli əlaqələrin daha da dərinləşməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.