Vətən Müharibəsinin İLK ŞƏHİDİNİN ANASI:
    • 27-09-2021, 11:20
    • 633

Vətən Müharibəsinin İLK ŞƏHİDİNİN ANASI: "Atasız böyüyən oğlum balalarını atasız qoydu" - VİDEO

İkinci Qarabağ Müharibəsi bizə alnımızı açıq, başımızı dik tutmağa vəsilə oldu. Ancaq Qarabağın köksündəki həsrətə son qoymaq bizə asan başa gəlmədi. 44 günlük Vətən Müharibəsindəki qalibiyyətimiz ana qayğısından, övlad sevgisindən didərgin düşüb Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidliyi sayəsində reallığa çevrildi. 

News24.az xəbər verir ki, Qarabağ yarasına məlhəm olan ilk qəhrəmanlarımızdan biri də 34 yaşlı şəhid, mayor Abbas Rza oğlu Qasımovdur.

O, 1986-cı il martın 17-də Zəngibasar elinin Masis rayonunda anadan olub. Qasımovlar ailəsi 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən deportasiya edilib və onlar Bakıya üz tutaraq Binəqədi rayonunda məskunlaşıblar. Binəqədi rayonundakı 157 saylı tam orta məktəbi bitirən Abbas 2003-2007-ci illərdə o zamankı Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Burada o, Sərhəd Qoşunları fakültəsini seçib. Beləliklə, uşaqlıq arzusu olan pilot ixtisasına yiyələnib. Dövlət Sərhəd Xidmətinin mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Bir neçə saat davam edən döyüşdən sonra qəhrəmancasına şəhid olub. Abbas Qasımovun təyinatı üzrə tapşırığı Qubadlı istiqaməti idi. Şəhidliyindən sonra o, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. 

Şəhidimizin gözüyaşlı Anası Kifayət xanım Abbasın 6 yaşında atasını itirdiyini deyib: “6 yaşında Abbası 1-ci sinifə apardı və elə həmin il də balam atasız qaldı. Buna görə də Abbas uşaqlıq görmədi. Mən həm ər, həm ata, həm bala, həm də dost itirdim. 360 gündür Abbas yoxdur, onu axtarıram. Abbas deyirdi, mən anam olmadan yaşaya bilmərəm, anam mənim üçün hər şeydir. Bala, bəs, anan sənsiz necə yaşayır? Bu nəfəsi sənsiz necə alıram? Nə sevinə bilirəm, nə də ağlaya. İçimdən keçənləri deyə bilmirəm. Yenə nəvələrimə baxıb, şükr edirəm. Balaca nəvəm deyir “nənə, mən Abbasam, sən ağlama”. Axı, sən Abbas deyilsən. Atasız böyüyən Abbas balalarını atasız qoydu”. 

Kifayət xanım övladı ilə sonuncu dəfə 26 sentyabrda danışdığını deyib: “Həmin gün mənə zəng elədi, dedi ana, mənə dua elə. Duam qəbul olmadı. 27 sentyabrda Abbasdan zəng gəlmədi. Atalar deyib: “oğul ananı son mənzilə aparar”. Amma mən bala apardım. O Abbas ki, onsuz nəfəs ala bilmirdim. 1 ildir onun səsinə möhtacam. Abbassız keçən günlərimi gün hesab etmirəm. O vaxt rahat olacağam ki, gedib onunla görüşəcəyəm, deyəcəm: “bala, mən gəldim”. 

Mənim balam, dostları göyləri fəth etdilər. Dostlarına deyirəm ki, Abbas döyüşdə nə etdi? Deyirlər bir onu deyə bilərik ki, Abbas yolu açmasaydı, bizim hamımızı vuracaqdılar. Hamısı deyir ki, biz həyatımızı sizin oğlunuza borcluyuq”. 

Şəhidin xanımı Siddiqə Qasımova bildirib ki, həyat yoldaşı Vətən Müharibəsinin ilk şəhid pilotudur: “Bilirdi ki, ermənilər o torpaqları sülh yolu ilə verməyəcək. O gedən gündən sonra həyatımızda hər şey dəyişdi. Uşaqlar çox darıxırlar. Hər kəlmələrində atalarını yad edirlər. Bəzən söz deyirik, onu səhv başa düşürlər. Elə bilirlər ataları gələcək…”. 

Şəhidimizin böyük oğlu Əlirza atası üçün çox darıxdığını dilə gətirib: “İstəyirəm ki, gəlsin”. Kiçik oğlu Hüseyn isə atasının cənnətdə olduğunu deyib: “Mən bilirəm ki, atam bizə yuxarıdan baxır”.

Müxbir: Məhərrəm Əliyev
Video: Nicat Niftəliyev