Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatıb
    • 26-09-2021, 16:11
    • 325

Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 26-sı saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Xidmətdən New24.az-a bildiriblər ki, düşən yağışın miqdarı Qrız Qudyalçayda 26, Vəlvələçay Təngəaltıda 20, Şabran Gilgilçayda 13, İsmayıllıda 11, Şabranda 10, Altıağacda 9, Gədəbəy, Xaltanda 8, Ləzədə 7 millimetr, Qubada 6, Xarmidorçay Xaltanda 5, Nabran, Daşkəsən, Qəbələdə 4, İsmayıllı, Şamaxı, Göyçay, Qusarda 3, Qudyalçay Xınalıq, Kürdəmir, Xaçmaz, Qobustanda 2, Şəki, Göygöl, Oğuz, Kişçay (Şəki), Tərtər, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada 1 millimetrədək olub.

Bakıda və Abşeron yarımadasına gəlincə isə Maştağaya 21 (aylıq normanın 93 faizi), Bakıya 12 (aylıq normanın 70 faizi), Sumqayıta 8 (aylıq normanın 44 faizi), Pirallahıya 6 (aylıq normanın 41 faizi) yağıntı düşüb.

Yağış nəticəsində Şabran-Gilgilçay və Xarmidorçay Xaltan məntəqəsində sululuq artıb.
Qudyalçay, Xınalıq, Ləzə məntəqələrində, Gədəbəyin yüksəkliklərinə, Kəpəz və Qoşqar dağlarına, Şahdağa ilk qar yağıb. Şahdağda qarın hündürlüyü 1 santimetrə çatıb.

Şimal-qərb küləyi əsib, arabir Tərtərdə 28, Ağdamda 26 Gəncədə 25, Beyləqan, Göyçay, Naftalanda 24, Xınalıq, Daşkəsəndə 23, Bərdə, Xaçmazda 22, Nabran, Tovuz, Yevlaxda 20, Mingəçevirdə 18, Sabirabadda 17, Lənkəran, Xaltan, Şəkidə 15, Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 32, Maştağada 28, Çilov adasında 27, Bakı, Pirallahıda 25, Qum adasında 20, Sumqayıtda 19 metr/saniyəyədək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək. Sentyabrın 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, 27-si havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.