İlk sevgisi ilə bərabər arzularını cənnətə aparan 19 yaşlı Şəhidimiz - VİDEO
    • 27-09-2021, 16:15
    • 940

İlk sevgisi ilə bərabər arzularını cənnətə aparan 19 yaşlı Şəhidimiz - VİDEO

"Bir ildir gözüm yoldadır, elə bilirəm Mahir indi gələcək. Mahir bu evin səsi-küyü, gülüşü idi, onunla bütün gülüşlərimiz, səsimiz-küyümüz getdi..."

News24.az
-ın çəkiliş qrupu II Vətən Müharibəsinin ilk şəhidlərindən olan Mahir Xələflinin ailəsində olub, igid oğulu böyüdən valideynlərlə həmsöhbət olub.

Ötən ilin bu günü 27 sentyabr tarixində 20 yaşı tamam olmayan ən uca olan Şəhidlik zirvəsinə ucalan Mahir Xələfli, Murovdağ istiqamətində gedən döyüşlərdə düşmənə qan uddurdu və torpaq uğrunda canını fəda etdi.




Şəhidin atası Muxtar Xələfov
həmin günü belə xatırlayır: "Sentyabrın 25-i gecə mənə zəng elədi, dedi hər şey yaxşıdır, "mənə görə narahat olmayın, darıxmayın, mən darıxmıram". Sentyabrın 27-si, saat 9-da məlumat gəldi ki, Mahir yaralanıb. Hərbi Hissəyə getdik və bizə Şəhid olması xəbəri verildi. Mahir Vətən uğrunda canından keçdi. Mənə başsağlığı veriləndə nə deyəcəyimi belə bilmirəm... Mahir yoxdu, bir daha olmayacaq. Mahir cənnətdədir..." 



19 yaşını cənnətdə qeyd elədi Mahir. O Qarabağı yalnız tarix kitablarında görən torpaqlarımızı canı, qanı bahasına işğaldan azad edən Vətənə bağlı nəhəng ürəkli oğullarımızdan idi. Vətənpərvər ruhda böyüyən qəhrəmanımızın hələ kiçik yaşlarından hərbiyə marağı olub.  

Şəhidimizin anası Şəlalə Xələfova göz yaşları içində danışır: "Mahir hər kəsin sevimlisi olub, heç nədən çəkinməzdi, mərd oğul idi. Balam yaşından çox daha böyük idi, ürəyi də, özü də... Əlindən gəlməyən iş yox idi. Əsgərliyə getməyə də tələsirdi, darıxırdı. Deyirdi bunlar niyə məni aparmır? Sanki balam ölümünə tələsirdi... İyulun 9-u əsgərliyə getdi, elə gedəndən də zəng edirdi, ilk sözü də bu olurdu "ana, narahat olma". Bizi çox rahatlamışdı Mahir. Sentyabrın 25-də də atasıyla telefonla danışanda "mən darıxmıram, siz də darıxmayın" dedi. Bu da sonuncu danışıq oldu. Bir dəfə Mahirlə görüntülü danışdıq, çox dəyişdiyini, daha da böyüdüyünü gördüm Mahirin. Gözümü çəkmədən Mahirə baxırdım. O da dedi "ana, niyə mənə belə baxırsan?", dedim "səndən ötəri şişirəm, balam..." Bu Mahiri sonuncu canlı görməyim oldu. Balamın üzünə həsrət qalmışam. Tabutunu qucaqlayıbnə qədər ağlasam da köksümdəki dərd azalmır, darıxıram balam üçün..." 



19 yaşını tamamlamadan şəhidlik zirvəsinə ucalan Mahir Xələfli, idmanda da saysız-hesabsız uğurlar qazanıb: "Atası həmişə deyirdi ki, Mahir əsgərliyə gedəndə artıq torpaqlar alınacaq. Amma torpaqları canı alan oğullardan oldu Mahir. Nə deyim, necə deyim? Mahir mənim bütün sözlərimi, cümlələrimi bitirdi... Mahir bir qızı sevirdi, onun ilk sevgisi idi. Öz aralarında üzük də taxmışdı. Əsgərliyə getmədən əvvəl gəldi mənə dedi ki, "ana, mənə elçi gedərsən?" Dedim əlbəttə, amma səndən böyük qardaşın var. O da getdi və bir neçə gündən sonra gəldi mənə dedi ki, "ana düz deyirsən. Həyatı bilmək olmaz, əsgərliyə gedəndə gərək arxanca nişanlı qoyub getməyəsən. Sağ-salamat gəlib nişan taxaram". Balamın bütün arzuları ürəyində qaldı... Arzuları da özüylə cənnətə apardı".  

Şəlalə Xələfova Mahir kimi oğulun anası olmasıyla qürur hiss keçirdiyini vurğulayır: "Balalarımız torpaq uğrunda gedib, biz başmızı dik tutmalıyıq, mən Mahirin anası olmaqla fəxr edirəm". 

Allah Vətənin bütövlüyü uğrunda canını fəda edən bütün şəhidlərimizə rəhmət eləsin. Müqəddəs ruhunuz qarşısında baş əyirik... Haqqınız bir ömür ödənməz... 

Ülkər Qasımova 
Video: Nicat Niftəliyev