"Mübariz İbrahimov üçün ağlayan atasına dedi ki, bir gün mənimlə də fəxr edəcəksən" - ŞƏHİD ANASI - VİDEO
    • 28-09-2021, 13:21
    • 1 187

"Mübariz İbrahimov üçün ağlayan atasına dedi ki, bir gün mənimlə də fəxr edəcəksən" - ŞƏHİD ANASI - VİDEO

44 günlük Vətən Müharibəsinin ilk şəhidlərindən biri də əsgər Tərlan Rövşən oğlu Rzayevdir. 19 yaşında şəhidlik zirvəsinə ucalan Tərlan 2001-ci ildə Sumqayıtda anadan olub. Hələ uşaq yaşlarından hərbiyə maraq göstərib. Tərlan Vətənə sevgisini, duyğularını ailəsi ilə etz-tez bölüşürmüş. Doğma yurdu qarşısında övladlıq borcunu yerinə yetirəcəyi günü səbirsizliklə gözləyirmiş. 18 yaşı tamam olanda həvəslə hərbi xidmətə yollanıb. Hərbi xidməti müddətində komandirlərin rəğbətini qazanıb, mükafatlara layiq görülüb. Sentyabrın 27-də müharibə başlayan gün 1 il 3 ay imiş hərbi xidmətdəymiş Tərlan. Ali Baş Komandanın hücum əmrindən sonra əsgər yoldaşlarıyla irəliyə atılıb. Mühasirəyə düşən əsgər yoldaşların köməyinə yetmişməyə çalışan Tərlan Rzayev, Füzuli istiqamətində son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə yüksəlib. O kiçik qəlbində çox böyük arzuları var idi Tərlanın. Amma qismətinə 19 illik ömür və şərəfli ölüm yazılıbmış. 

Onun arzusu hərbçi olmaq imiş... Sonuncu dəfə anası Simnarə Səlimovayla danışıb Tərlan. Bu gün qürurla şəhid oğlundan danışan ana "mən Tərlanla fəxr edirəm" deyir: "Sonuncu dəfə danışanda soruşdum, Tərlan necəsən? Dedi "ana, narahat olma. Yerimiz də, hər şey də yaxşıdır. Siz özünüzdən muğayat olun".Səhəri gün oğlumun şəhid xəbəri gəldi. Heç bir təsəlli, heç bir söz ananın ürəyini soyuda bilməz. Getdiyi məktəbə Tərlanın adını verdilər. O tək bizim övladımız deyil, bütün xalqın övladıdır, bütün xalqımızın şəhididir. Nəinki Tərlan, bütün şəhidlər bizim balalarımızdır". 

Simnarə ana oğluyla son danışığında onu Allaha əmanət edib: "Biz onu böyüdəndə bu cür gözəl övlad olacağını düşünməzdik. Həqiqətən də Tərlan bizə çox gözəl övlad oldu. Bu bir il elə keçdi ki, sanki dünən olub. Elə bilirəm yenə o hadisə baş verəcək. Tərlan öz arzusu, istəyiylə getdi. Bir gün atası Milli Qəhrəmanımız Mübariz İbrahimovun fotosuna baxıb ağlayırdı, Tərlan gəldi atasının kürəyindən vurdu ki, "ata, bir gün sən mənimlə də fəxr edəcəksən. Elə də oldu..." 

Cənnətdə 20 yaşını qeyd edən şəhidimiz, anasının yuxusuna da gəlir. O anasına yuxuda təsəlli verərək "ana, sən bilsən mən necə yerdəyəm, ağlamazsan" deyib. Bu gün Simnarə ananın ən ümdə arzusu Tərlanın şəhid olduğu Füzuli torpağına getmək, övladının şəhid olduğu yeri qucaqlamaq istəyir: "Belə yuxularla özümüzə təsəlli tapırıq. Nə etsək də, neyləsək də artıq heç biri geri qayıtmayacaq. Onu bu gün bütün Azərbaycan tanıyır. Onlar bizim and, qürur yerimizdir. Bu gün Tərlanın şəhid olduğu yeri görmək ən böyük arzumdur. Bəlkə Tərlanın ətrini o torpaqdan alaram". 

19 yaşında cənnətini qazanan Tərlan Rzayevin simasında Vətənin bütövlüyü uğrunda canını fəda edən bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik... Haqqınız bir ömür ödənməz! 

Ülkər Qasımova 
Video: Nicat Niftəliyev