İnam Kərimov Aqrar Universitetində tədrisin təşkili prosesi ilə tanış oldu - Fotolar
    • 29-09-2021, 16:25
    • 340

İnam Kərimov Aqrar Universitetində tədrisin təşkili prosesi ilə tanış oldu - Fotolar

Kənd təsərrüfatı naziri İnam Kərimov 2021/2022 tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüşüb.

News24.az xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADAU-nun yeni tədris korpusunda keçirilən görüşdə çıxış edən İnam Kərimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və dövlət dəstəyi sayəsində bu sahədə inkişaf tempi davam edir. Kadr potensialının zənginliyi, peşəkar kadrların mövcudluğunu hər bir sahənin inkişafının əsas amillərindən biri adlandıran nazir yeni tədris ilində tələbələrə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən ADAU-nun rektoru İbahim Cəfərov Türkiyə Cümhuriyyəti Ege Universitetinin professoru İsmail Türkan son illərdə universitetdə kənd təsərrüfatı və dövlət sifarişli ixtisaslar üzrə təhsil alanların sayının əhəmiyyətli dərəcədə artmasını təqdirəlayiq hal kimi qiymətləndirib. 
Daha sonra yüksək balla ADAU-ya qəbul olan tələbələrlə, ikili diplom proqamı çərçivəsində Türkiyənin Ege Universitetindən dəvət olunmuş professor-müəllim heyəti, həmçinin ikili diplom proqramı ixtisaslarına qəbul olan tələbələrlə  görüş keçirilib. Tədbirdə çıxış edən tələbə və valideynlər aqrar təhsilə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində İnam Kərimov universitetin Göygöl rayonunda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Süni Mayalanma Mərkəzinə baxış keçirib, iri və xırda buynuzlu heyvandarlıq kompleksləri, eləcə də Arıçılıq Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub.