Bakıda Milli Qəhrəman Yuri Kovalyovun BÜSTÜ UCALDILDI - FOTO
    • 4-10-2021, 11:50
    • 678

Bakıda Milli Qəhrəman Yuri Kovalyovun BÜSTÜ UCALDILDI - FOTO

Bu gün 229 saylı məktəbdə Milli Qəhrəman Yuri Kovalyovun büstünün açılış mərasimi keçirilib.

News24.az-ın məlumatına görə, büstün hazırlanmasını və mərasimin təşkilini Yeni Azarbaycan Partiyası ilə Missiya Media Qrupu həyata keçirib. 

Mərasimdə Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi aparatın rəhbəri Tahir Budaqov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, deputatlar Mixail Zabelin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov, Nizami rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Orxan Bədəlov, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Tədbirin başlamazdan əvvəl qonaqların ağacəkmə aksiyası baş tutub.

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva saytımıza açıqlamasında bildirib ki, bizim müstəqillik uğrunda mübarizə apardığımız 30 illik yolumuzda istər birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olan bütün qəhrəmanları böyük ehtiram və məhəbbətlə yad etmək vəzifə borcumuzdur: “Bu tədbirlər gənc nəslin tərbiyəsində böyük rol oynayır. Azərbaycanı yaşadan, qoruyan onun oğullarıdır”. 

Milli Qəhrəman Yuriy Kovalyov adına 229 nömrəli tam orta məktəbin direktoru Vüsalə Məmmədova fikirlərini News24.az-a bölüşüb. O bildirib ki, büstün açılışı gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır: “22 sentyabrda isə İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlara həsr olunan xatirə abidələrinin açılışı oldu”. 

Tədbirdə çıxış edən Milli Qəhrəmanın ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda, eyni zamanda Milli Qəhrəman Yuri Kovalyova həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Xatırladaq ki, Yuri Kovalyov 1965-ci il mayın 29-da Göyçay rayonunda rus ailəsində anadan olub. O, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib, Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşub. Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərib. Düşmən tərəfindən “Əsədovun bandası” adlandırılan XTMD-nin əməkdaşları ilə düşmənin rahatlığını əlindən almışdı. Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Başına yüz min rubl qiymət qoyulmuşdu.
1991-ci il sentyabrın 13-ü Yura Kovalyov Bakıdan çıxmış, həlak olduğu gündən iki gün əvvəl axırıncı dəfə evə zəng vurub hal-əhval etmişdi.
1991-ci il 3 oktyabrda digər OMONçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yura Kovalyov həlak olur, Kudenin isə ağır yaralanır. Ermənilər UAZa yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.
Kovalyov Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Müxbir: Məhərrəm Əliyev
Foto: Nicat Niftəliyev