"Yüzlərlə insanın görə biləcəyi işi üç dron əvəz edəcək"- Video
    • 16-10-2021, 16:02
    • 591

"Yüzlərlə insanın görə biləcəyi işi üç dron əvəz edəcək"- Video

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində israilli mütəxəssislərin keçirdiyi “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlim prosesi ilə tanışlıq olub. 


News24.az-ın İsmayıllıya ezam olunan əməkdaşı xəbər verir ki, tanışlıq məqsədilə Təhsil Nazirliyi İsmayıllı rayonuna mediatur təşkil edib.

Media qurumlarının rəhbərləri və media təmsilçilərinin iştirak etdiyi səfərdə təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov və başqaları iştirak ediblər.

Mediatur iştirakçıları əvvəlcə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, yaradılmış şərait, ixtisas otaqları ilə tanış olub. Məlumat verilib ki, bu təhsil ocağında xüsusi və müxtəlif növlü "Peşərab" adı altında şərab da hazırlanır. Eyni zamanda nazir müavini və qonaqlar təhsil ocağındakı aşbaz sinfində sənətin sirrlərinə yiyələnən şagirdlərlə görüşüblər. 

Daha sonra mərkəzdə “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər izlənilib. Təlim iştirakçıları sahədə dronların uçuşunu həyata keçirib, drondan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat ediblər.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev bildirib ki, təlimlər Agentliyin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə israilli mütəxəssislər tərəfindən keçirilir: “Hazırda İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə təhsil mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur. Bu dronlar süni intellektlə idarə olunur. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcək”.


“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov qeyd edib ki, oktyabrın 19-dək davam edəcək təlimlərə peşə təhsili müəssisələrində çalışan və STEAM dərslərini tədris edən ümumilikdə 15 müəllim qatılıb: “Təlimdə 11 kənd təsərrüfatı dronu, 8 monitorinq və xəritələnmə aparatları istifadə olunur. Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir. Kənd təsərrüfatı dronları əkinçiliyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər”.

İsrailli mütəxəssis Düdik Kaufman vurğulayıb ki, Azərbaycanda yeni texnologiyanın istifadəsinin təlimi üçün ölkəmizdə səfərdədir: “Təlimdə istifadə olunan dronların qiyməti ölçüsünə görə dəyişir. 20 min dollara qədər qiyməti olan dron var. 5 günə yaxındır buradayam və təlimçilərin götürümləri olduqca yaxşıdır. Artıq dronların istifadəsini həyata keçirə bilirlər. Bu dronların funksiyası yüzlərcədir və kənd təsərrüfatının inkişafı üçün olduqca yararlıdır. Qısa müddətdə Azərbaycanda bu sahə üzrə mütəxəssislərin lazımi bilgilərə sahiblənəcəyinə inanıram”.
"STEAM Azərbaycan" layihəsinin əməkdaşı Çingiz Səlimov artıq 2015-ci ildən bu sahədə çalışdığını bildirib: "Artıq bildiyiniz kimi bizdə təhsil sahəsində dronların tətbiqinə başlanılıb. Biz hazırda burada dron təlimləri keçirik. Bu təlimlərin əsas məqsədi dronların kənd təsərrüfatında tətbiq olunmasıdır. Yüzlərlə insanın görə biləcəyi işi hazırda üç dron əvəz edə biləcək. Bir beyin dron torpağın analizini aparıb onun xəritəsini çıxara bilir, digər icraçı dronlar isə dərmanının, suyunun, toxumunun səpilməsi, ərazinin idarəolunması və digər işləri icra edir. Və onlar da həcmlərinə görə fərqlənirlər. Sahələrə uyğun olaraq 10,30, 50 və s. litrlik dronlarımız mövcuddur". 

Onu da əlavə edək ki, küləkli havada dronların idarə olunması daha çətinləşir, çox isti havada isə dronların enerjisi daha tez bitir. 

Əlavə olaraq bildirilib ki, hazırda İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə təhsil mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur. Bu dronlar süni intellektlə idarə olunur. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcək.
 
Oktyabrın 19-dək davam edəcək təlimlərdə peşə təhsili müəssisələrində çalışan və STEAM dərslərini tədris edən ümumilikdə 15 müəllim iştirak edir. Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarə olunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir. 


Qeyd edilib ki, kənd təsərrüfatı dronları əkinçiliyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər.

“Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlim prosesi ilə videomaterialımızda da tanış ola bilərsiniz. 

Ülkər Qasımova 
Nicat Niftəliyev 
Bakı-İsmayıllı