“Şuşa türməsindəki 6 ağır yaralını çıxaranda…“ - “Qoca dayı”dan TÜKÜRPƏDƏN SÖZLƏR
    • 19-10-2021, 14:20
    • 2 395

“Şuşa türməsindəki 6 ağır yaralını çıxaranda…“ - “Qoca dayı”dan TÜKÜRPƏDƏN SÖZLƏR

Qarabağın azadlığı uğrunda sözün əsl mənasında böyük şücaət və qəhrəmanlıq göstərən igidlərimizdən biri də, Şuşa fatehi kimi tanınan Xüsusi Təyinatlı bölüyün baş çavuşu Malik Cəbiyevdir. 

News24.az olaraq qəhrəmanımızla həmsöhbət olub, onun döyüş tarixçəsini və təəssüratlarını öyrəndik. 

O, 1981-ci ilin yanvar ayının 19-da Culfa rayonunun Bənəniyar kəndində anadan olub. 2002-ci ilin sentyabr ayının 15-də silahlı qüvvələrin Təlim və Tədris mərkəzinin “gizir hazırlıq kursu”na qəbul olunub. 9 fevral 2018-ci ildən etibarən isə “N” saylı hərbi hissədə xüsusi təyinatlı bölüyün baş çavuşu vəzifəsində çalışmağa başlayıb.

Malik Cəbiyev Vətən Müharibəsindən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.


“Qoca dayı” ləqəbli qazimiz döyüş təəssüratlarına bu sözlərlə başlayıb: “Oktyabrın 18-də Füzuli rayonunun Dünyamalılar kəndinə çatıb döyüş tapşırıqlarının yerinə yetirmək üçün hazırlıqlara start verdik. 19 oktyabr tarixində N saylı XTB tərkibində yer aldım. Günün ikinci yarısında Hadrut yaşayış məntəqəsinə hərəkət etdik və Qırmızıqaya kəndinin yaxınlığındakı yüksəkliklərdə yerləşdik. Axşamtərəfi kəndə girib, oranı düşməndən təmizlədik. 20 oktyabrda Tuğ kəndini azad etdik. Ayın 21-də Azak yaşayış məntəqəsini və adsız yüksəklikləri ələ keçirərək təminat-təxliyyə yollarını nəzarətə götürdük. Oktyabrın 22-də Köç y.m istiqamətində hərəkət etdik. Əvvəlcə kəndi, oktyabrın 23-ü isə yüksəkliyi ələ keçirdik. Martini-Qırmızıbazar istiqamətində təminat yollarını nəzarət etdikdən sonra oktyabrın 24-də Çanaqçı meşəsinə doğru irəlilədik. Həmin meşədə dörd gün, bir çörəklə mühasirədə qaldıq. Döyüş yoldaşlarım məndən çox balacaydı. Ən böyüyünün 27 yaşı vardı. Mənim isə 42 yaşım var. Naxçıvandakı Günnüt əməliyyatında da iştirak etdiyim üçün aclığa, susuzluğa dözümlüyəm. Həmin günlər yeməkdən imtina edirdim ki, onlar ac qalmasınlar, vuruşmağa taqətləri olsun. Yalandan deyirdim “aclığım yoxdur”, “ağrıyıram”... 


Qazimiz oktyabrın 27-də Şuşanı hədəf aldıqlarını deyib: “29 oktyabrda Daşaltı kəndinin üstündəki adsız yüksəkliyi azad etdik. Oktyabrın 30-da isə Topxana meşəsinə çatdıq. Noyabrın 1-də Xocavənd-Şuşa istiqamətində sursat anbarı artilleriya vasitəsiylə vuruldu və partlayış baş verdi. Partlayış nəticəsində mərmilər ətrafa səpələndiyi üçün meşədə mövqe tutduq.

Noyabrın 2-də Laçın koridorunu nəzarətə götürdük. Bu döyüşdə minamyot qəlpəsindən zədə aldım. Ancaq təxliyə olunmaq istəmədim və döyüşümə davam etdim. Noyabrın 4-də hücum edərək Şuşa-Xankəndi yoluna sahibləndik. Bu əməliyyatda əsgərim İsmayıl Yüzbaşıyev və mən vuruldum. İkimiz də yerə yıxıldıq. Ancaq əynimdəki bronjilet və sinəmdəki telefon məni ölümdən xilas etdi. Düşmən texnikasını görən kimi, İsmayılı özümə sıxıb, sürünə-sürünə Xankəndi-Şuşa yoluna doğru irəlilədim. Ancaq İsmayıl yolda canını tapşırdı. Təxliyə gələndən sonra İsmayılı apardılar, döyüşə qayıtdım. Digər yoldaşlarıma bunu bildirmədim ki, onlar psixoloji sarsıntı keçirməsinlər. Güllə telefonu deşmişdi”.  


Malik Cəbiyev 5 Noyabrda gecə saat 03:00 radələrində ilk dəfə xüsusi təyinatlıların 65 nəfərlik “N” taboru ilə Şuşa şəhərinə hücum etdiklərini dilə gətirib: “Şuşa türməsinin yanında düşmən pusqusuna düşdük, çox sayda yaralılarımız oldu. Kiçik gizir Samir Mehdiyevsə şəhid oldu. İrəli gedəndə Samirin ayağa qalxmadığını gördük. Bu hadisə bizə pis təsir etdi. O, çox ac, susuz idi. Elə deyirdi ki, “çatsaydıq, bir tikə çörək yesəydik, su içsəydik… Şuşa qalasının yanından ötdükdən sonra qorunmaq üçün muzeyin zirzəmisində mövqelendik. Noyabrın 6-da yarım qrupla pusquda olan şəhid va yaralıların ardınca getdim. Türmədən bir nəfərin bizə tərəf qışqırdığını gördüm. Düşmən bilib mövqeyimizi tutduq. Bizim əsgər olduğunu anlayıb, ona tərəf yaxınlaşdım. Daxili Qoşunlardan Sənan Kərimov olduğunu gördüm. Yaxınlaşanda “Cəbi, sən mənə bir dünya verdin” dedi. Ondan necə olduğunu soruşdum. O isə “məni boş ver” deyib bizi içəri apardı. Darısqal, balaca otaqda daxili qoşunların heyətindən olan 6 nəfər ağır yaralı olduğunu gördük. Onları çölə çıxaranda artilleriya və tanklardan bizə atəş açırdılar. Bu dəmdə gözümə kənarda saxlanılan “VAZ 21” dəydi. Yüyürüb tez onu işə saldım. Yaralıları həmin maşınla oradan çıxarıb xilas elədim. Böyük ehtimalla türmə polislərinin maşını idi. Tanklar sağa-sola, hara gəldi atırdılar. O atışmada bizi Allah qorudu. Heç vaxt körmədiyim Şuşanın yollarında maşını sürətlə sürürdüm. Şuşa hamamının qabağından keçəndə daha 2 nəfərin də yaralı olduğunu gördüm. Maşında yer olmadığından onları ancaq baqaja yerləşdirə bildik. Çox şükür, hamısı xilas oldu. Həm onları, həm ddə şəhid olanların nəşini Şuşa məktəbinin binasına yerləşdirdik. Yaralananların yarasını təmizlədik, bağladıq. Noyabrın 7-də pusquda gözlədik və digər qruplarla Şuşadan düşməni təmizlədik. Yadımda qalan bir nüans da içində 2 erməninin olduğu UAZ maşını ələ keçirməyimizdir. Döyüş yoldaşım Vüqar Həsənliylə birgə çətinliklə də olsa, buna nail olduq. Həmin maşında fotomuz da var”.


Şuşa fatehi sözünün sonunda bir xatirəsini də yada saldı: “Əməliyyat başlayanda Şuşaya gedib çıxacağım ağlıma gəlməzdi. Amma Gizir Samir Mehdiyev də, mən də özümüzlə namaz qılmaq üçün çoxlu möhür götürmüşdük. Əhd eləmişdik ki, hansımız sağ qalsaq, döyüşdən sonra  qabağımıza çıxan məscidlərdə namaz qılıb, möhürləri orda qoyacağıq. Allah Samirə rəhmət eləsin, o şəhid oldu, əhdi yerinə yetirmək mənə düşdü. Mən söz verdiyim kimi, Şuşa məscidində namaq qıldım, şəhid olan qardaşlarımın ruhuna dua elədim, möhürləri də ora qoydum”. 


Malik Cəbiyev onu da dedi ki, bu qələbəni düşünülmüş ağıllı strategiya, oğulların cəsarəti ilə birgə anaların duası və arxa cəbhədəkilərin onlara olan sevginin gücü ilə qazanıblar: “Bizim bu savaşdakı ən böyük silahlarımızdan biri analarımızın duasıydı. Bir də məktəblilərin bizə yazdığı məktublardır. Orda yazılan hər misranı göz yaşlarıyla oxxuyurduq. Mənə verilən məktubların hamısını saxlamışam. Çox şükür ki, o balaların yanına üzümüz ağ, alnımız açıq döndük”.