Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı
    • 25-10-2021, 10:11
    • 223

Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Ötən il sentyabrın 27-də Silahlı Qüvvələrimizin əks-hücumu ilə başlayan və 44 gün davam edən Vətən Müharibəsi tariximizdə əbədi yaşayacaq Zəfərlə nəticələndi. Xalqımız 30 ilə yaxın müddətdə işğalda qalan torpaqlarımızın azad edilməsi sevincini yaşadı. Oktyabrın 25-də Qubadlı rayonu düşmən tapdağından təmizləndi. İşğaldan azad edildikdən sonra Rayon Polis Şöbəsinin Qubadlı ərazisində fəaliyyəti bərpa olundu. Aradan ötən müddətdə polis əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə nəzarət-profilaktik, təhlükəsizlik tədbirləri keçirirlər.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, belə tədbirlər zamanı Qubadlı rayonu ərazisindəki düşmənin tərk etdiyi hərbi mövqelərdən 7 avtomat, 2 pulemyot, 1 qumbaraatan, 1 minaatan qurğusu, 42 qumbara, 314 qumbaaratan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitələr və digər sursatlar aşkar edilib.

Bundan əlavə Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri kompleks tədbirlər zamanı rayonun Davudlu, Bəxtiyarlı və Əliquluuşağı kəndlərinin ərazisində yabanı halda bitmiş ümumi çəkisi 7 tona yaxın olan 12 668 ədəd çətənə bitkisi yığılaraq məhv edilib.