“Ermənilər Qarabağda GÜLLƏ SƏSİ EŞİTMƏDƏN yaşamaq istəyirsə...” – Fazil Mustafa AÇIQLADI - FOTO/VİDEO
    • 29-10-2021, 13:23
    • 659

“Ermənilər Qarabağda GÜLLƏ SƏSİ EŞİTMƏDƏN yaşamaq istəyirsə...” – Fazil Mustafa AÇIQLADI - FOTO/VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycanda 1 günlük səfərdə olub. O, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib. Daha sonra prezidentlər tarixi hadisəyə - yəni Zəngəzur dəhlizinin təməlqoyma mərasiminə imza atıblar. Eyni zamanda bu görüş isti ab-havası və liderlərin maraqlı zarafatları ilə yadda qalıb. Aydın məsələdir ki, əvvəlki səfərlər kimi bu da dünyaya bir mesaj oldu. 


Böyük Quruluş Partiyasının rəhbəri, millət vəkili Fazil Mustafa News24.az-a açıqlamasında bildirib ki, əsasən getdikləri yol barədə təsəvvürləri və aydın hədəfləri olan şəxslər gülümsəyərək dünyaya mesaj verirlər: “Bizim bilmədiyimiz bir çox məqam var ki, onlar bilirlər. Həm Azərbaycan Prezidenti, həm də Türkiyə Prezidenti üfüqdə aydınlığı görə bildiklərinə görə gülümsəyirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın artıq Qarabağa üçüncü səfəri baş tutdu. Bu səfərlərin hər biri tarixi, əlamətdar bir hadisə ilə yekunlaşır. Türkiyə Prezidenti ilk səfərində Zəfər bayramında iştirak etdi. O, həmin gün Azərbaycan xalqının ruhunu oxşayan bir çıxış etdi. Səsləndirdiyi şeir bölgədə rezonansa səbəb oldu. Onun ikinci səfəri Şuşa bəyannaməsi ilə yekunlaşdı. Bu isə strateji müttəfiqliyimizi göstərən tarixi bir sənəd idi. Bu sənədin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanı təhdid edənin qarşısında Türkiyə olacaq. Bundan açıq jest ola bilməz”. 


O qeyd edib ki, Füzuli Hava Limanının inşası Zəngəzur dəhlizinin açılmasına bir inam yaratdı: “Bu inam isə əməldə öz əksini tapdı. Ərdoğanın səfəri tarixi nəticələrin başlanğıcı kimi qiymətləndirilə bilər. Nəticələri isə qısa müddətdən sonra görəcəyik”. 

Deputat son günlər aktual olan digər mövzuya – yəni Ermənistanla Azərbaycan arasında sülhün perspektivləri məsələsinə aydınlıq gətirib. Fazil Mustafa hesab edir ki, Ermənistan sülhə hazır deyil və ikili siyasət yürüdür: “Ermənistanı sülhə məcbur etməli olan məqam can qorxusudur. Çünki onlar üçün yaşamağın başqa alternativi yoxdur. Ermənistan müxtəlif ölkələr vasitəsilə Azərbaycana təzyiqin bütün versiyalarını sınaqdan keçirdi. Ancaq heç biri effektli olmadı. Azərbaycan ATƏT-in Minsk qrupunu, “Qarabağın statusu” məsələsini, Avropa İttifaqını, Amerikanı və Fransanı geri çevirdi. Ermənistan 30 il öncəki səhvini təkrarlaya bilməz. 30 il qabaq önündə tərəzi var idi. Tərəzinin bir gözündə beynəlxalq layihələrdə iştirak etmək, digərində isə işğalçı kimi əlində olan torpaqları qorumaq seçimi var idi. Ermənistan işğalçı kimi torpaqları qorumağı seçdi. İşğalçı kimi ərazilər də əlindən çıxandan sonra tərəzisi boş qalıb.


İndi isə qarşısında yeni şans yaranıb. Ermənistan müəyyən layihələrdə yer almaqla yaşamağını təmin edə bilər. Ancaq Qarabağda ermənilərin yaşaması mümkün deyil. Çünki bazar yoxdu. Bazar və kommunikasiya olmayan yerdə normal insan yaşaya bilməz. Ermənilərin Qarabağda güllə səsi eşitmədən yaşaması çətindir. Buna görə də Ermənistan sülhə məcburdur. Paşinyanın son açıqlamalarında Naxçıvan yolunun açılmasını vurğulaması da onun sülhə doğru yönəlməsindən xəbər verir. Yavaş-yavaş görəcəyik ki, Ermənistan özü sülhə can atacaq və məsələ öz yekun həllini tapacaq”. 

Video: Nicat Niftəliyev