"Gəncədə dağıntılar altından uşaq cəsədinin çıxdığı anı heç vaxt unutmayacağam" - Fulya - VİDEO - YENİLƏNDİ
    • 1-11-2021, 12:59
    • 900

"Gəncədə dağıntılar altından uşaq cəsədinin çıxdığı anı heç vaxt unutmayacağam" - Fulya - VİDEO - YENİLƏNDİ

Bu gün Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin təqdimatı baş tutub.  

News24.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və operator Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin təqdimat mərasimində Mədəniyyət naziri Anar Kərimov, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, Mədəniyyət və incəsənət xadimləri qatılıb. 

“Fulya” filmi “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

Çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

Təqdimat mərasiminə qatılan Fulya Öztürk bildirib ki, filmin çəkilməsi İkinci Qarabağ Müharibəsində yaşanan hadisələrin və eyni zamanda da zəfər dolu günlərin sübutudur: “Əslində filmə adımın verilməsini istəmirdim. Amma belə layiq görüblər. Burada məsələ ekran işinı mənim adımın verilməsi deyil. Əsas məqam İkinci Qarabağ Müharibəsində gözümün önündə çox insanın ölməyinə şahidlik etdim. O qədər qadın, körpə, uşaq, ana ölümü gördüm ki, iş həyatımda ilk dəfə əsəb krizi keçirdim. Gəncədə dağıntılar altından uşaq cəsədinin çıxarılması anını isə həyatım boyu unutmayacağam. Bu film Ermənistanın uşaq qatili olmasını sübuta yetirir”.

Türkiyə jurnalist çəkilən filmi bütün dünyanın görməsini istədiyini deyib: “Çünki İkinci Qarabağ Müharibəsində yaşadığımız kədərli günlər zamanı otelə gəlib televizorda Avropa və ABŞ telekanallarını izlədiyimizdə, yaşanan hadisələr, kədərli və açılı günlər barədə heç nə yayımlamırdılar. Dünyaya səs salmadılar”.

Fulya Öztürk mediaya açıqlamasını “Qəhrəmanlar əsgərlərimiz, qazilərimiz və şəhidlərimizdir” sözləri ilə yekunlaşdırıb. 

"Fulya" filmi haqda danışan “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov ekran işinin 44 günlük müharibə dövründə jurnalistin keçdiyi yoldan, hadisələrə onun gözü ilə baxışdan bəhs etdiyini açıqlayıb: "Film Fulya xanımın çəkdiyi arxiv görüntülər, keçdiyi yol və gördükləri əsasında qurulmuş sənədli filmdir”.