Romada Ərdoğan-Bayden görüşü: Pərdəarxası məqamlar, Zəngəzur dəhlizi – TƏHLİL
    • 1-11-2021, 11:51
    • 359

Romada Ərdoğan-Bayden görüşü: Pərdəarxası məqamlar, Zəngəzur dəhlizi – TƏHLİL

İtaliyanın paytaxtı Romada keçirilən G20 sammiti dünya siyasətinin konturlarının cızılmasında çəki qazanmış ölkələrin liderlərinin müzakirələr aparması üçün münbit platforma oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Bayden də bir araya gələrək iki ölkə arasındakı gərginliyin azaldılması üçün səylərini ortaya qoydular. 

Diqqət çəkən məqamlar: 

1. Ərdoğanla Baydenin görüşü Romada yox, Şotlandiyanın Qlazqo şəhərində keçirilməsi nəzərdə tutulurdu; 

2. Liderlər bir araya toplanarkən Baydenin Ərdoğanla təmas yaratması üçün təşəbbüskar olduğu görünü; 

Liderlər niyə “tələsdilər” 

Bəs Ərdoğanla Baydenin görüşünün tezləşməsini şərtləndirən səbəblər sırasında hansı prosesləri görə bilərik? 

Nəzərə almaq lazımdır ki, hazırda Ukrayna ordusu separatçıların işğalında olan ərazilərə “Bayraktar” dronları ilə zərbələr endirir. Kiyevin ritorikasının döyüş tərzinə keçməsini Kreml həzm edə bilmir, Qərb və Türkiyə isə bu məsələdə Ukraynaya dəstəkdir. 
Ancaq Kiyevə dəstəkdə ABŞ və Türkiyənin vahid standartlarla yanaşdığını söyləmək bir qədər çətindir, çünki Ankara ilə Vaşinqtonun münasibətlərindəki gərginlik qlobal siyasətdə də onların strateji maraqlarının toqquşmasına gətirib çıxarır. 
Türkiyə NATO üzvü olsa da, onun Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini tədarük etməsi, Suriya məsələsindəki fikir ayrılıqları və sair Ankara-Vaşinqton münasibətlərinin rənglərini tündləşdirir. 
Bununla belə, tərəflər saat əqrəblərini tutuşdurmalıdır, hazırda Qərbdən fərqli olaraq Ankaranın Moskvanın beynəlxalq siyasəti ilə qərarlarına təsiretmə gücü daha çoxmuş kimi görünür. 
Bu təsiretmə diktədən ibarət deyil, sadəcə Ankara ilə Moskvanın əlaqələrinin genişlənməsi və dərinləşməsi onların bir-birinə münasibətdə etimad mühitinin formalaşmasına zəmin yaradır. 
Güman etmək mümkündür ki, Qərb Ukraynada münaqişənin alovlanmasından ehtiyat edir, çünki Kiyevin Moskva ilə toqquşacağı təqdirdə, Qərbin Ukraynaya praktiki dəstək vermək imkanları minimuma enəcək. 
Buna görə də, Bayden Ərdoğanın dövriyyəyə girməsinin qısamüddətli də olsa fayda gətirəcəyinə onu inandırmağa çalışır. 
Digər versiya isə budur ki, Bayden ABŞ-ın müəyyən bölgələrdəki, o cümlədən Ukraynadakı rəqiblərini və əleyhdarlarını çəkindirmək üçün Türkiyənin artan nüfuzundan yararlanmaq strategiyasını yürüdür. 
Düzü liderlərin görüşünə dair rəsmi açıqlamalarda tərəflərin Ukrayna məsələsini müzakirə edib-etmədiyinə dair bir məlumat yoxdur, ancaq Ərdoğan-Bayden görüşünün pərdəarxasında Ukrayna böhranının masaya daşınmadığını söyləmək də düzgün olmaz. 
Noyabrın 1-də ABŞ Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədindəki vəziyyəti izləməkdə davam etdiyini açıqlayıb. 
Bunun özü də Ukrayna məsələsinin Ərdoğan-Bayden görüşündə müzakirə predmetinə çevrildiyinə dəlalət edən bəyanat kimi dəyərləndirilə bilər. 

Taliban tərəddüdlər yaradır 

ABŞ və Türkiyə liderləri Suriya, Liviya, Əfqanıstan, Cənubi Qafqazdakı prosesləri də müzakirə planlarına daxil ediblər. 
Ağ Evin yaydığı məlumata əsasən, Bayden yenidən Türkiyənin Rusiyadan S-400 almasından narahatlığını təkrar edib. Güclü demokratik institutların, insan haqlarına hörmətin və qanunun aliliyinin sülh və rifah üçün əhəmiyyətini vurğulayıb.
Ərdoğanın görüşə dair mətbuata açıqlaması isə ABŞ-ın mövqeyinə kontur-arqument kimi nəzərdən keçirilə bilər. 
Ağ Evin ənənəvi açıqlaması fonunda Ərdoğanın da ənənəvi arqumentə müraciət etməsi belə deməyə əsas verir. 
Ərdoğan ABŞ-ın Suriyada Türkiyənin təhlükəsizliyi üçün təhdid yaradan terrorçulara dəstəyini dayandırmasının vacibliyini dilə gətirib. Bu açıqlama göstərir ki, Ərdoğanla Bayden arasında PKK məsələsinə dair fikir ayrılıqları qalmaqda davam edir və Ərdoğan Ağ Ev rəhbərindən etibarlı zəmanət ala bilməyib. 
Türkiyə lideri amerikalı həmkarı ilə Əfqanıstanda hakimiyyətə gələn Taliban məsələsini müzakirə etdiklərini də açıqlayıb. Ancaq Ərdoğanın dediklərindən anlaşılır ki, Talibanla əməkdaşlığa dair konturlar qeyri-müəyyəndir. 
Ərdoğanın dediklərindən sitat: 
“Bundan sonrakı mərhələni proseslərin gedişatı müəyyən edəcək”. 
Yəni Türkiyə qlobal güclərin rəqabəti zəminində Talibanla bağlı məsələdə maksimum ehtiyatlı davranmağın kodekslərini ortaya qoyur. 
Ərdoğanın ikitərəfli münasibətlərdə soyuqluq yaradan F-16 və F-35 qırıcı təyyarələri ilə bağlı dediklərinə gəlincə, söyləyə bilərik ki, Ankara ilə Vaşinqton bu mövzuda uzlaşma tapa bilməyib.

Zəngəzur dəhlizi: Gürcüstan amili

Romada liderlər Cənubi Qafqazdakı postmünaqişə periodundakı prosesləri də müzakirə predmetinə gətiriblər.  
Son zamanlar ABŞ-ın Zəngəzur dəhlizi məsələsində durğun mövqeyi ön plandadır, bunun səbəblərini izah etməyə çalışaq: 
1. ABŞ-ın ən çox narahat olduğu məsələ Gürcüstan amili ilə bağlıdır; 
ABŞ hesab edir ki, Zəngəzur dəhlizi 3+3 (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, İran) Tbilisi ilə Moskva arasında qopan bağların birləşməsinə gətirib çıxaracaq. Bu isə Vaşinqtonun bölgədə mövqelərinin zəifləməsi deməkdir. 
Gürcüstanın dəhlizlə əlaqədar tərəddüdlərinin kökü də məhz Qərb amili ilə əlaqədardır. 
2. ABŞ son zamanlar Rusiyanın Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması üçün təşəbbüsü ələ almasından narahatdır, amma özü də fəaliyyət planını aktiv fazaya keçirmir; 
Bu isə bağlanacaq sülh müqaviləsində Rusiyanın və Türkiyənin maraqlarının daha çox əks olunması üçün əsaslar yarada bilər, indi Vaşinqton proseslərə müdaxilə üçün başqa variantlar üzərində düşünür. 
Ərdoğan Vaşinqtonun narahatlıqlarını aradan qaldırmaq üçün Baydeni inandıran arqumentlər ortaya qoyur. 
Türkiyə liderinin açıqlaması həmin tezisi izah edən fikir kimi nəzərdən keçirilə bilər: 
“Biz Türkiyə olaraq Ermənistanla münasibətlərə dair məsələləri daha konkret, açıq şəkildə ortaya qoyuruq. Bu arada, Gürcüstan-Rusiya arasındakı əlaqələr müsbət istiqamətdə daha fərqli bir hala gələrsə, bu, işimizi asanlaşdırar”. 

YEKUN: 

Ərdoğan-Bayden görüşünü Ankara və Vaşinqton müsbət dəyərləndirsə də, bunun fərqli nəticələr hasil edən proseslərə gətirib çıxaracağı inandırıcı deyil. 

İki ölkə arasındakı bir neçə il əvvələ söykənən ənənəvi problemlər ən azından bir müddətliyə də olsa davam edəcək. 

Analitik Aqşin Kərimov