"Biz təkcə Şuşanı geri qaytarmadıq, Azərbaycanın namusunu,qeyrətini geri qaytardıq" - Hikmət Mirzəyev DANIŞIR - VİDEO
    • 6-11-2021, 12:47
    • 461

"Biz təkcə Şuşanı geri qaytarmadıq, Azərbaycanın namusunu,qeyrətini geri qaytardıq" - Hikmət Mirzəyev DANIŞIR - VİDEO

Ötən gün Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” və “Biz” sənədli filmlərinin təqdimatı keçirilib.

News24.az xəbər verir ki, tədbirdə tanınmış ictimai xadimlər və dövlət strukturlarının nümayəndələri, Vətən müharibəsinin qəhrəman və qaziləri, birinci Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Təqdimat mərasimi şəhidlərin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra səhnəyə Mədəniyyət naziri Anar Kərimov çıxış edərək Şanlı Qələbəmizdən, eləcə də hər iki ekran işi haqda məlumat verib: “Bugünkü tədbirin özəlliyi əsgər və zabitlərimizin müharibədə göstərdikləri qəhrəmanlıqların yaddaşlara həkk edilməsidir. İnsanların şüuruna təsir edən ən yaxşı vasitə kinodur. Çox xoşbəxtəm ki, hər iki layihəni Zəfər Gününə qədər təqdim edə bildik. Hər iki filmin bir neçə mesajı var. Bunlardan biri odur ki, haqq və ədalət həmişə qalib gəlir. Çox önəmli ikinci mesaj odur ki, biz böyük xalqıq. Bizə əsrlər boyu aşılayırdılar ki, birləşə bilmirik, amma Vətən müharibəsi göstərdi ki, biz böyük xalqıq, bir yumruq ətrafında da birləşib birgə Zəfər qazandıq. Biz göstərdik ki, Azərbaycan xalqının Mübariz İbrahimov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov kimi qəhrəmanları yenə də var və Azərbaycan Ordusunun belə güclü Ali Baş Komandanı var. Bir mesaj da odur ki, Vətən müharibəsi və sonrasında göstərdik ki, yaradıcı mədəniyyət dağıdıcı mədəniyyətə qalib gəldi. Belə layihələrimiz çox olacaq. Zəfər qazansaq da, informasiya müharibəsi hələ də davam edir”.

Daha sonra səhnəyə filmin yaradıcı heyəti dəvət olunub. 

“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov bildirib ki, Vətən müharibəsi başlayan zaman Bakı Media Mərkəzinin rəhbərliyi tərəfindən bir qrup yaradılıb və onlar ön cəbhəyə ezam olunublar: “Məqsəd maksimum dərəcədə döyüş zonasına yaxın olmağa, əsgər və zabitlərin igidliyi, mərdliyi ilə bağlı arxiv kadrlar çəkmək idi. Son getdiyimiz yer Şuşa oldu. Geri dönəndə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Orman Əliyev çəkdiyimiz kadrlara baxıb bu kardrlardan mütləq bir film hazırlamaq lazımdır dedilər".

Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev mərkəzin prezidenti Arzu Əliyevanın adından yaradıcı kollektivlərə göstərdikləri gərgin əməyə və müvafiq strukturların dəstəyinə görə minnətdarlığını bildirib.

Azərbaycan hərbçilərinin qəhrəmanlığından bəhs edən “Şuşa, sən azadsan!” filmində əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş özəl görüntülər yer alır.

Ekran işində həmçinin Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev də Şuşanın azad olunması əməliyyatından danışıb.

O bildirib ki, Şuşa əməliyyatında onun tərəfindən bəzi xüsusi tələblər qoyulmuşdu: “İçimizdə daima o hiss oldu ki, biz Şuşanı azad edəcəyik. O inam bizdə vardı. Mən hətta bir çox rəhbər heyətə də əməliyyatların başlanması anından bir neçə saat sonra məruzə etmişəm ki, hansı vaxtda oranı alacağıq. Hadrut və Füzulini aldıqdan sonra gecə-gündüz yerdən və havadan Şuşanın kəşfiyyatını apardıq. Əməliyyatın ilk günü mən tam əmin idim ki, biz Şuşanı təmizləyəcəyik. Hətta bununla bağlı Müdafiə Nazirliyində bir neçə nəfərə demişdim. Vətən Müharibəsində xüsusi təyinatlıların həlledici rolu və tarixə keçəcək əfsanəvi şücaəti danılmazdır. Bizim şəxsi heyətimiz bütün risklərə hazır idi və bunu göz önünə alaraq düşmənin edə bilməyəcəyi şeyləri bizimkilər həyata keçirə bildilər. Mənim planda nəzərdə tutduğum bütün fəaliyyətləri sözsüz və dəqiqliklə vaxtında icra etdilər. Baxmayaraq ki, şəhidlərimiz, yaralılarımız, itkilərimiz oldu, Lakin Şuşanın alınması millətimiz üçün başucalığı idi. Biz öz şərəfimizi geri qaytardıq. Biz təkcə Şuşanı geri qaytarmadıq, Azərbaycanın namusunu,qeyrətini geri qaytardıq. Şərəfini bərpa etdik”.   

Xüsusi Təyinatlılar həmin gün haqda danışarkən, düşmənin Şuşaya İskəndər, smerç, kasetli bombalar atdığını qeyd ediblər: “Noyabrın 5-i gecə saatlarında düşmənin rabiət sistemləri Azərbaycan əsgərinin Şuşa şəhərində olduğu ilə bağlı bağırırdı. Bu isə onları psixoloji cəhətdən artıq məğlub etmişdi. O gün bizi qala divarları qoruyurdu. Sanki bizimlə birgə Şuşa da, şəhərdəki binalar da döyüşürdü”. 

XTQ zabitləri çıxışlarında Şuşaya Azərbaycan Bayrağının 7 noyabr, saat 13:45-də sancıldığı qeyd edilib. Saat 13:50-də isə Şuşada 28 ildən sonra Azan oxunub. 

Film izləyicilər tərəfindən ayaqüstü alqışlarla qarşılanıb.