VII ümumrespublika bilik yarışının iştirakçıları üçün təlim keçirilib - Fotolar
    • 6-11-2021, 15:18
    • 387

VII ümumrespublika bilik yarışının iştirakçıları üçün təlim keçirilib - Fotolar

“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında  iştirak edən komandalar üçün yarış ərəfəsində təlim keçirilib. Heydər Əliyev Mərkəzində “Zəfər tarixi” mövzusunda təşkil edilən təlimdə Vətən müharibəsi və şanlı zəfər tarixi üzrə müzakirələr olub. 

News24.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu və Heydər Əliyev Fondundan olan təlimçilər Qarabağ həqiqətlərinin ümummilli lider Heydər Əliyev tərəfindən dünyaya çatdırılması, Prezident İlham Əliyevin zəfərə gedən yolda fəaliyyəti, ölkəmizdəki ordu quruculuğu, beynəlxalq əlaqələrin yaradılması, 44 günlük Vətən Müharibəsi və nəticələri barədə məlumatlar veriblər.

Qeyd edək ki, “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı noyabrın 12-də Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Ali təhsil müəssisələrinin tələbələri arasında 2014-cü ildən etibarən keçirilən bilik yarışı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ümummilli liderin irsinin yaşadılması ilə yanaşı, gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır.

Bu il müsabiqədə 48 ali təhsil ocağını təmsil edən komanda iştirak edir. Müsabiqənin sualları müvafiq mövzular əhatə olunmaqla Heydər Əliyev Muzeyindəki məlumat və eksponatlar, foto-videomateriallar əsasında tərtib olunub. Həmin mövzular ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illəri, Dövlət Təhlükəsizlik orqanlarında fəaliyyəti və Azərbaycana rəhbərlik etdiyi dövrləri, Qarabağ həqiqətləri, eləcə də Vətən müharibəsi və zəfər tarixini əhatə edir. Qeyd edək ki, yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədi ilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub.

Bilik yarışı 3 turdan ibarət olacaq. Hər turda 12 sual səsləndiriləcək. Turların sonunda ümumi qiymətləndirmə üzrə 3 qalib komanda müəyyən ediləcək.