Londonda Zəfər Günü konsertlə qeyd edildi - FOTOLAR
    • 8-11-2021, 15:38
    • 1 367

Londonda Zəfər Günü konsertlə qeyd edildi - FOTOLAR

Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Londonda “Sülhün səsləri” adlı qala-konsert təşkil olunub.

News24.az xəbər verir ki, konsert Britaniyadakı azərbaycanlı icması və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.

Britaniyada yaşayan azərbaycanlılar, həmçinin Azərbaycanın dostlarının iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı və əsas təşkilatçısı Fəridə Pənahova açılış nitqində bildirib ki, konsert Qələbə ilə yanaşı, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə, eləcə də Bayraq Gününə həsr olunub. O bildirib ki, harada yaşamasından asılı olmayaraq Azərbaycan bütün soydaşlarımızın qürur mənbəyidir və ötən il 44 günlük müharibədə keçdiyimiz zəfər yolu heç bir zaman yaddaşlarımızdan silinməyəcəkdir.

Azərbaycan Respublikasının Xalq artisti, mezzo-soprano Fidan Hacıyevanın ifasında Britaniya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Konsert 
Konsertlə bağlı fikirlərini bölüşən Fidan Hacıyeva böyük qürur hiss keçirdiyini bildirib: "Konsert çox yüksək səviyyədə təşkil olunmuşdu. Londonda yaşayan həmvətənlilərimiz çox sevincli və fəxrli idilər. Baxmayaraq ki, biz başqa ölkədəydik, amma zəfər bayramı hiss olunurdu. Diaspora və Fəridə xanıma təşəkkür edirəm. Sonda "Azərbaycan" musiqisini zaldakı tamaşaçılarla bərabər oxuduq". 

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Azərbaycan xalqını tarixi Qələbə münasibəti ilə təbrik edib və Qələbənin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, ordumuzun rəşadəti və xalqımızın birliyinin böyük rolu olduğunu söyləyib.

Daha sonra çıxış edən irlandiyalı tarixçi-alim Patrik Volş Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra erməni işğalına məruz qalmasına baxmayaraq bu haqsızlıqla heç bir zaman barışmadığını və nəhayət ötən il tarixi ədaləti bərpa etdiyini bildirib. Qələbənin Azərbaycan xalqını necə ruhlandırdığını bir neçə həftə öncə Azərbaycana səfəri zamanı öz gözləri ilə müşahidə etdiyini qeyd edən Volş çıxışını “Qarabağ Azərbaycandır” ifadəsi ilə sonlandırıb.

“Sülhün səsləri” adlı konsert proqramı çərçivəsində Britaniyada yaşayan Azərbaycanlı musiqiçilər Nəzrin Rəşidova, Günel Mirzayeva, Səadət Fərziyeva, Camal Əliyev, Rasim Fərziyev, Arzu Abbasova, o cümlədən “Odlar Yurdu” ansamblı Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar, “Qarabağ şikəstəsi”, Bayatı-Kürd, Vətən balladası və sairə musiqi nömrələrini səsləndirib, eləcə də Fidan Hacıyeva, Gülşən Akın, Oya Ergün, Emiliya Yaqubova və digər müğənnilər “Sevgili canan”, “Laçın”, “Sarı Gəlin”, “Sənə də qalmaz”, “Azərbaycan” və s. mahnıları ifa edib.

Tədbirin sonunda konsertə qatılan müğənni və musiqiçilər auditoriya ilə birlikdə Müslüm Maqomayevin “Azərbaycan”, eləcə də “Can Azərbaycan” mahnılarını ifa ediblər.

Tədbirin təşkilinə Fəridə Pənahova ilə yanaşı, diaspora fəallarından Heydər Nağıyev, Rasim Fərziyev, Kamran Azizi, Vüsalə Kərimova, Alan Ömərov, Sevinc Nəbiyeva, Şəfiqə Roberts də cəlb olunub.