Qarabağda “Rusiya Şöhrət Xiyabanı”nın açılmasının pərdəarxası məqamları - SƏRH
    • 12-11-2021, 13:43
    • 514

Qarabağda “Rusiya Şöhrət Xiyabanı”nın açılmasının pərdəarxası məqamları - SƏRH

Noyabrın 10-da Qarabağda Rusiya hərbçilərinin hərbi düşərgəsinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” açılıb. Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyulub. Xiyabanın açılışında Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Cənub hərbi dairəsinin komandan müavini, general leytenant Rüstəm Muradov iştirak edib. Bu hadisə haqlı olaraq vətəndaşlarımız tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı sualların yaranmasına səbəb olub.

Azərbaycan rəsmiləri hələ ki, Qarabağda “Rusiya Şöhrət Xiyabanı”nın və Rusiya hərbçisinə abidənin açılmasına münasibət bildirməyiblər. Bəs, rəsmi Bakının bu hadisələrə reaksiyası necə olmalıdır?

Politoloq Elxan Şahinoğlu News24.az -a açıqlamasında bildirib ki, Rusiya 10 noyabr tarixinə özünəməxsus şəkildə hazırlaşıb və bu “hazırlıqlar” Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib: “Qarabağda “Rusiya Şöhrət Xiyabanı” açılması, işğal altındakı Xocalıda kilsə inşa edilməsi, sülhməramlıların keçmiş komandanı Rüstəm Muradovun yenə Qarabağa gələrək Moskva bəyanatının qəbul edilməsinin bir illiyi ilə bağlı medallar paylaması bundan xəbər verir. Azərbaycanda rus ədiblərinə, Lermontovdan tutmuş Puşkinə qədər, böyük hörmət var, əsərləri məktəblərdə tədris olunur. Bakının mərkəzi bağlarının birində Puşkinə heykəl də qoyulub. Ancaq Rusiya hərbçilərinə kim səlahiyyət verib ki, onlar Azərbaycanın işğal altındakı torpaqlarında büstlər qoya bilərlər? 1992-ci ildə erməni separatçılarının Rusiyanın 366-cı alayı ilə birgə Xocalıda törətdikləri soyqırım ərazisində başqa heykəl də qoyulub – Rusiyalı əsgər ona gül verən erməni qızına minnətdarlığını bildirir. Xocalıda kilsə inşa edilməlidirsə, buna da qərarı Moskvada deyil, Bakıda verməlidirlər”.

Rüstəm Muradovun Qarabağa yenidən ayaq basmasına gəlincə, politoloq xatırladır ki, Rusiya Müdafiə Nazirliyi bu hərbçini başqa vəzifəyə təyin etməsinə baxmayaraq, onu tez-tez Qarabağa göndərir. Onun sözlərinə görə, Qarabağda Rusiya sülhməramlılarının başqa komandanı olduğu halda Rüstəm Muradovun tez-tez Qarabağa ezam olunması bir başqa müəmmadır. “Qarabağda kilsənin tikintisi, abidələrin qoyulması birbaşa Moskvanın təlimatıyla həyata keçirilir. Əgər Rusiya Müdafiə Nazirliyi Qarabağdakı hərbçilərinin fəaliyyəti - inşaat çalışmaları, kilsə və abidələrin qoyulması barədə Azərbaycan Müdafiə Nazirliyini əvvəlcədən məlumatlandırmırsa, demək Moskva Bakı ilə hesablaşmır”, - deyə ekspert vurğulayıb.
E.Şahinoğlu əlavə edir ki, Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı silahlı insidentlər barədə yaydığı açıqlamalar da ermənilərin “məntiqinə” əsaslanır: “Şuşada 8 noyabrda Zəfər bayramının keçiriləcəyi və həmin tədbirdə dövlət başçısı İlham Əliyevin xarici qonaqlarla birgə iştirakı əvvəlcədən bəlliydi. Rusiyalı hərbçilərin Qarabağdakı komandanı bunu bilərkən ermənilərin Şuşa yaxınlığında “su borularının dəyişdirilməsi” adı altında şübhəli çalışmalarını əngəlləyə və ya başqa tarixdə keçirilməsini təmin edə bilməzdimi? İnsident baş verdi və Rusiya ermənilərin itki verdiyi xəbərini yayımladı”.

Rəsmi Bakının bu hadisəyə reaksiyasına gəlincə, politoloq xatırladır ki, Azərbaycan rəsmilərinin və dövlət strukturlarının açıqlamalarında doğru olaraq “müvəqqəti bölgədə yerləşdirilmiş sülhməramlı qüvvələr” ifadəsi yazılır: “Ancaq bu, azdır. “Müvəqqəti” dediyimiz rusiyalı hərbçilər hələ 4 il bölgədə qalacaqlar və bu müddətdə gördüklərimizdən başqa əlavə təxribatların da şahidi ola bilərik. Bu mövzularda Moskva ilə müzakirələr aparılmalıdır, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda rusiyalı hərbçilərin iştirakı ilə baş verən və cəmiyyətimizi narahat edən hər məsələylə bağlı Rusiya Müdafiə Nazirliyindən hesabat istəməlidir. Rusiya Prezidenti Vladimir Putin bircə dəfə müdafiə naziri Sergey Şoyquya “Qarabağdakı planlarınızı və çalışmalarınızı Bakı ilə də bölüşün” desə, məsələ böyük ölçüdə həll olunar. Putinin Şoyquya belə bir təlimat verməməsi Kremlin Azərbaycanın təhlükəsizlik maraqları ilə hesablaşmadığı anlamına gəlir”.

Hərbi ekspert Ramil Məmmədli isə vurğulayıb ki, son 200 il ərzində Rusiyanın atdığı addımlar Azərbaycan xalqının milli və dövlətçilik maraqlarına ziddir: “İstər SSR Rusiyası, istər Çar Rusiyası, istərsə də indiki Rusiya hər zaman Cənubi Qafqazda balansı öz xeyrinə dəyişmək istəyib. Bu isə ermənilərin regionda qalıb, müəyyən qədər möhkəmlənmnəsinə xidmət edir. Rusiyanın məqsədi Ermənistanı regionda saxlamaq və Xankəndində ermənilər üçün ən yaxşı şəraiti təmin etməkdir. Bununla yanaşı Rusiya bütün vasitələrdən istifadə edib, güclü Azərbaycan qarşısında Qarabağdakı erməniləri qorumağa can atır”.

Siyasət şöbəsi