Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəyişməsi KİMLƏRƏ XEYİRDİR? - DEPUTAT AÇIQLADI
    • 12-11-2021, 14:29
    • 585

Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəyişməsi KİMLƏRƏ XEYİRDİR? - DEPUTAT AÇIQLADI

“Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurası İstanbulda keçirilən zirvə görüşündən sonra tamamilə yeni bir təşkilata çeviriləcək. Artıq şura daha çox məsləhət və məşvərətçi təşkilat olmaqdan çıxaraq tam təsisatlı funksional beynəlxalq təşkilata çevirilərək "Türk Dövlətləri Təşkilatı adlandırılacaq”. 

Bunu News24.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, təşkilat qərarlar qəbul edəcək, üzv ölkələr qarşılıqlı şəkildə vəzifələr müəyyənləşdirəcək və qəbul edilən qərarların icra edilməsi ilə bağlı öhdəlik götürmüş olacaq: “Belə olanda ümumi və ortaq mənafelərin qorunması üçün birlikdə hərəkət etmək imkanları yaranacaq. Bu da hazırkı tarixi mərhələdə milli təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Müqayisəli təhlil etsək, aydın olacaq ki, vaxtilə ATƏT də ATƏM kimi bənzər yol keçib, daha sonra institusional forma alaraq olduqca effektiv beynəlxalq təşkilatlardan birinə çevrilib. Əslində, hələ Türk Şurası kimi fəaliyyəti dövründə bu mərhələyə ciddi hazırlıq işləri aparan şuranın tərkibində TürkPA, TürkSoy, Beynəlxalq Türk Akademiyası və s. kimi müxtəlif qurumlar yaradılmışdı. Yeni mərhəldə isə bu qurumlar daha səmərəli struktural vahid olacaqlar. Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, bu beynəlxalq təşkilatın əsası 2009-cu ildə Naxçıvanda qoyulub və zirvə görşündə xüsusi bəyanat qəbul edilib. O zaman ən aktual məsələlərdən biri Türk dünyasını fiziki baxımdan birləşdirmək və tarixi quru sərhədləri bərpa etməklə etnocoğrafi bütövlüyə nail olmaq idi. Hazırda demək olar ki, əldə etdiyimiz tarixi zəfərlə bunu təmin etmişik və Zəngəzur dəhlizinin işlək vəziyyətə gəlməsilə bu proses başa çatacaq”. 

Hikmət Babaoğlunun fikrincə, hazırkı zirvə görüşünün İstanbulda, Demokratiya və Özgürlük adasında keçirilməsinin məxsusi mənası var: “Dünyaya mesaj verilir ki, Mərkəzi Asiyadan Qafqazlara, oradan isə Avropaya qədər uzanan və mümüm perespektivlər vəd edən sülhpərvər, əməkdaşlığa açıq platforma var. Bu platforma böyük bir coğrafiyaya demokratiya, sülh, azadlıq və rifah vəd edir. Eyni zamanda bütün bunları qoruyacaq vahid təhlükəsizlik məkanı yaradır. Nəzərə almaq lazımdır ki, Türkmənistanın da daxil olmasıyla təqribən 160 milyonluq əhalini və 1.2  trilyon dollarlıq ümümdaxili məhsulu əhatə edən nəhəng bir istehsal və istehlak bazarından söhbət gedir. Bu, özlüyündə mühüm iqtisadi imkanlar və qarşılıqlı marağa əsaslanan inteqrsiya vəd edir. Hazırda Macarıstan da daxil omaqla 15-ə qədər ölkə müşahidəçi statusunda bu təşkilata qəbul edilsə, aydın olacaq ki, necə nəhəng bir tərəfdaşlıq və əməkdaşlıq platformasından söhbət gedir. Vaxtilə biz bu imkanları sadəcə xəyal etdiyimiz halda hazırda bu, bir reallıqdır”.

Siyasət şöbəsi