Ötən gün 999 nəfər toylara buraxılmadı
    • 13-11-2021, 10:47
    • 447

Ötən gün 999 nəfər toylara buraxılmadı

Ötən gün Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 80 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən News24.az-a verilən məlumata görə, monitorinq 71 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 999 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.