Opera və Balet Teatrında "NİZAMİ" Baletinin premyerası keçirildi  - FOTOLAR
    • 22-11-2021, 16:00
    • 859

Opera və Balet Teatrında "NİZAMİ" Baletinin premyerası keçirildi - FOTOLAR

Noyabrın 20-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Fikrət Əmirovun "Nizami" baletinin premyerası keçirilib.

News24.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin  yubileyin qeyd olunması ilə bağlı imzaladığı sərəncama uyğun olaraq həyata keçirilən bu quruluş böyük şairin xatirəsinə həsr olunmuş bir töhfə olmaqla yanaşı həm də görkəmli bəstəkar Fikrət Əmirovun qiymətli musiqi irsinin yaşanması və təbliğ edilməsi  məqsədini güdürdü. Teatrın balet truppasının ən qabaqcıl qüvvələrinin cəlb edildiyi tamaşa üzərində iş bir neçə ay davam edib.

Nəhayət Mədəniyyət Nazirliyinin keçirdiyi Nizami Gəncəviyə həsr olunmuş festivalın əsas tədbirlərindn biri kimi premyera tamaşası baş tutdu. Çox möhtəşəm keçən premyera tamaşasında iştirak etmək arzusunda olanların sayı həddən artıq çox olduğundan dekabrın 12-nə növbəti tamaşa təyin olunub.

Bir qədər də yaradıcı heyət haqqında. Tamaşanın  musiqi rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələri və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeyster  Xalq artisti, xoreoqrafiya üzrə professor Kamilla Hüseynova, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, aranjemançı və musiqi redaktoru Xalq artisti, bəstəkar Musa Mirzəyevdir. 

Əsas rollarda Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Nigar İbrahimova, Anar Mikayılov, Cəmilə Kərimova, Makar Ferştandt, solistlər Ayan Eyvazova, Timur Oduşev, Samirə Məmmədova, Nigar Əliyeva və başqaları çıxış edib.