"Səlahiyyətim olsa, təhsilsiz bir qız da saxlamaram" - RƏSMİLƏR QADINA ŞİDDƏTƏ YOX DEDİLƏR - FOTOLAR - VİDEO
    • 26-11-2021, 19:34
    • 1 165

"Səlahiyyətim olsa, təhsilsiz bir qız da saxlamaram" - RƏSMİLƏR QADINA ŞİDDƏTƏ YOX DEDİLƏR - FOTOLAR - VİDEO

25 Noyabr - Qadın Zorakılığına Qarşı Mübarizə Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi tərəfdaşlığı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Uşaqlar Birliyinin dəstəyi ilə “Qadına şiddətə son” adlı tədbir – Dəyirmi Masa həyata keçirilib.

News24.az-ın məlumatına görə, tədbirdə əsas məqsəd dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına dəstək olmaq məqsədi daşıyan Dəyirmi Masada dövlət qurumlarının nümayəndələri, tanınmış ictimai xadimlər, millət vəkilləri və aparıcı media qurumlarının kapitanları iştirak edib.

Əvvəlcə iş xanımı, “Liatris Holding”in rəhbəri, tədbirin təşkilatçısı Ruhi Əliyeva giriş nitqi ilə Dəyirmi Masanı açıq elan edib.


O, çıxışında cəmiyyətdə qadınların rolundan danışıb: " “Liatris Holding” olaraq hər il dünyanın bir çox ölkələrində olduğu kimi, biz də Azərbaycanda bu günü qeyd edirik. Cəmiyyətimizin, toplumun, insanlığın üz qarası, ən böyük bəlalarından biri olan qadına qarşı zorakılığın, qadınların öldürülməsi, döyülüb-söyülməsi, mənəvi-fiziki şiddət görməsinə diqqət çəkmək, sosial səfərbərlik, yaratmaqla bu problemin həlli yollarının aranması, problemin çözümünün tapılmasına çalışırıq. Hamınız bilirsiniz ki, hər il Azərbaycanda neçə-neçə qadın müxtəlif formalarda şiddətə məruz qalırlar. Zərif cinsin çox sayda nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər. Ən dəhşətlisi isə həmcinslərimizin xüsusi amansızlıqla qətlə yetirilməsidir. Övladlarının gözü qarşısında onların başı kəsilir, bıçaqlanır, qətl edilir”.

Ruhi Əliyeva qeyd edib ki, bu məsələdə dövlətə və qurumlara dəstək olmaq məqsədi ilə qadına şiddət mövzusunun müzakirə olunması zəruridir: “Çünki zorakılıq yalnız fiziki anlamda şiddət deyil, həm də insan haqlarına hayqırıdır. Qadının özgüvənini zədələmək, onun hüquqlarını müdafiə etmək istəyini zəiflətmək və məhv etməkdir. Şiddət göstərən şəxsin sosial statusu, təhsili, cəmiyyətdəki yeri, çevrəsi necə olursa-olsun, onun əməli görməzdən gəlinməməlidir. Dünyanın harasında bir qadın şiddət görürsə, təcavüzə uğrayırsa, döyülürsə, incidilirsə, bu, hər birimizə olunan haqsızlıqdır. Döyülən, əzilən hər qadının acısı, bizim acımız, ağrısı bizim ağrımızdır. Çünki müdriklər demiş, bir qadının üzündəki ifadə, üzərindəki geyimdən daha vacibdir”.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva çıxışında demokratiyanın inkişafının, sosial ədalət və tolerantlığın əldə olunmasının gender bərabərliyindən asılı olduğunu qeyd edib:


“Təcrübə göstərir ki, fundamental insan hüquqlarının məhdudlaşdırılması və pozulması halları, zorakılıq, o cümlədən cinsi mənsubiyyətə görə zorakılıq halları cəmiyyətin aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, habelə son illərdə Azərbaycan Respublikasının həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də problem olaraq qalmaqdadır. Bunlar nəzərə alınaraq, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” hazırlanıb. Milli Fəaliyyət Planının əsas məqsədi ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasıdır”.

Ombudsman əlavə edib ki, qadınların hakimiyyət orqanlarında, qərar qəbuletmə prosesində bütün səviyyə və formalarda iştirakının əhəmiyyəti daha da artıb: “Təsisatımız tərəfindən qızların təhsilə cəlb olunmasının monitorinqi də aparılır və bu iş müntəzəm formada davam etdirilir. Qadınların təhsil alması və müəyyən əmək fəaliyyəti ilə məşğul olması onların iqtisadi asılılığının aradan qaldırılmasına, nüfuzunun artmasına, ailələrdə sabitliyin təmin olunmasına, boşanmaların azalmasına, nəticə etibarı ilə uşaqların hüquqlarının təmin edilməsinə və cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına öz müsbət təsirini göstərməkdədir. 2012-ci ildə 71 min qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olurdusa, 2021-ci ildə onların sayı 231 min 102-ə çatıb”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev vurğulayıb ki, cinayətin zərəri cəmiyyətə vurduğu ziyanla ölçülür:


“Problemlərin həll edilməsi üçün DİN tərəfindən işlər aparılır. Əsas diqqət daha çox maariflənmə istiqamətinə yönəlib. "102" Qaynar xətt mərkəzinə cari ildə 432 713 məlumat daxil olub, onlarda 7 647-si ailə münaqişəsi, məişət zorakılığı ilə bağlıdır. Eləcə də DİN-in sosial şəbəkələrinə 100-dən çox şikayət, həmçinin KİV-lərdən, ailə-qadın cəmiyyətlərindən də 90-dan artıq müraciət daxil olub. 602 sayda ailəli qadın ərləri tərəfindən döyülüb. DİN-ə 4 052 döyülmə faktı ilə bağlı məlumat daxil olub və öz təsdiqini tapıb”.

DİN sözçüsü vurğulayıb ki, ailə, cəmiyyət dəyərlərinə mühafizəkar prinsiplə yanaşmalıyıq.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib:


“Qeyd olunan dövr ərzində 24 qadın xəsarət alıb, 34 qadın məişət zorakılığına məruz qalıb. 2021-ci ilin 6 ayı ərzində 83 qadın məişət zorakılığına görə, intihar edib.

O bildirib ki, 2021-ci ilin 9 ayı ərzində baş verən 1298 qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərinin 963-ü qadınlara qarşı olub: "Bu kimi məsələlərin həlli üçün müvafiq qurumları vaxtında məlumatlandırmalıyıq".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva qadınlara şiddət mövzusunun bir gün deyil, 365 gün diqqətdə saxlanılmalı olduğunu deyib.


Deputat bildirib ki, 6 istiqamət üzrə gücü birləşdirməliyik: “Birinci istiqamət cinsi seleksiyadır. Cinsi seleksiyaya mövzusu sosial rifahla bağlı deyil. Bəzən imkanlı ailələr də bu yola əl atır. Bu nüans təfəkkürlə bağlıdır. Bu təfəkkürə qarşı mübarizə aparmalıyıq. Məscidlərdən başlayıb, bağçalar, məktəblər,  media və s. insanları bu məsələdə bilgiləndirməliyik.

İkinci məsələ erkən evlilikdir. Təhsil və peşələri olmayan qadınlar erkən evliliyə və ailədaxili təzyiqə məruz qalırlar. Erkən evliliyə qarşı mübarizəmizi gücləndirməliyik. Bu məsələdə qanunların tənzimlənməsi və maarifləndirməyə daha çox ehtiyac var”.

Millət vəkili əlavə edib ki, ali təhsil almayan qadınlar peşə təhsilinə yönəlməlidir: “Bizi narahat etməli olan məqam boşanmaların sayının artmasıdır. Boşanmaların qurbanı ən əsası, uşaqlar olur. Bu gün məhkəmə qərarları içərisində icra edilməsi ləngiyən məsələlərdən biri də alimentlərin verilməsi ilə bağlıdır. Aliment Fondunun yaradılması çıxış yolu ola bilər. Bəzilərinin imkanı olmaya bilər, amma anaların müraciətində imkanı olanlarla bağlı da eyni hadisəyə şahid oluruq. Bu məsələdə qanunlarla bağlı sərtləşdirməyə gedirik. Ancaq buna baxmayaraq, alimentə görə şikayət edən qadınlar, əsasən, kənd yerlərində diskriminasiyaya məruz qalırlar”.

Q.Paşayeva ailədaxili zorakılıq mövzusuna da toxunub: “Ailədaxili zorakılıq gələcəkdə cəmiyyətə çox ağır travmalı uşaqların verilməsi deməkdir. Bu, sadəcə bir qadının yox, onun uşaqların və cəmiyyətin problemidir. Bu məsələdə yanaşmamızı dəyişməliyik”.

Milli Məclisin deputatı Fazil Mustafa qadınlara qarşı zorakılıqla bağlı daha çox elmi müzakirələrin labüdlüyünü diqqətə çatdırıb.


Millət vəkili qeyd edib ki, Azərbaycanda uğur qazanan qadın modeli sadəcə Sovet dövründə ortaya çıxıb: “Qadına qarşı ən böyük şiddət təhsillə bağlıdır. Mənim səlahiyyətim olsa, təhsilsiz 1 qız uşağı da saxlamaram. Bütün problemlərin kökündə bu nüans dayanır.

İqtisadi azadlığı olmayan qadın ata evinə dönməyə məhkumdur. Təhsili sadəcə cehiz almaq üçün istifadə etmək yerinə, həqiqətən təfəkkürlü qadınlarımız olsa, cəmiyyətimizdə xanımlara qarşı şiddət xeyli azalar”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib ki, qadınlara qarşı zorakılıq tək Azərbaycanda yox, dünya miqyasında artıb.


O qeyd edib ki, qadınlara qarşı şiddət daha çox dünyagörüşü ilə bağlıdır: “ "Güclü haqlıdır" prinsipi ilə hərəkət etdikcə, cəmiyyətimizdə qadınlara zorakılıq halları artmaqda davam edəcək. Heç bir dində İslam qədər qadın hüquqları müdafiə olunmur. Quranın heç bir yerində qadının yaradılış cəhətdən qüsurlu olduğu yazılmayıb. Din deyir ki, qadınlar da kişilər qədər bərabərhüquqludur. Həmçinin, dinimiz buyurur ki, ata belə öz qızının yerinə qərar verə bilməz”.


Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sığınacaqların yataqxana modeli kimi istifadə edilməsinin əleyhinə olduğunu vurğulayıb: “Biz qətllərin baş verməməsi üçün gecikirik. Atdığımız addımlar kifayət deyil. Bu məsələnin həlli istiqamətində işlər aparmalıyıq”.

“Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı hesab edir ki, qadına münasibətdə cəmiyyətin keçdiyi yol elmi şəkildə araşdırılmalıdır və bu məsələ millətlərin təfəkkürü ilə bağlıdır:


“Qadına qul təfəkkürü ilə yanaşan kişi təfəkkürünü təmizləməliyik. Bu problem araşdırılmalı, effektiv addımlar atılmalıdır. Qadına şiddətin kökündə dünyanı idarə etmək istəyən kişi düşüncəsi dayanır. Qadınlara siyasi arenada yer verilməli, onlara güvənilməlidir. 

Təhsil problemi, işsizlik qadınların zorakılığa məruz qalmasına əsas səbəblərdir. 35-40 yaşından yuxarı qadınlar yaxşı işlərə qəbul edilmir. Bu müstəvidə önəmli addımlar atmalıyıq”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı qadınlara şiddətin qarşısının alınmasında medianın rolundan söz açıb:


“Uğurlu qadınların hekayələrini paylaşmalıyıq. Qorxan, çəkinən qadınlara motivasiya verməliyik”.

O bildirib ki, qadınlara şiddət və intihar kimi halların qarşısını almaq üçün psixoloqlara müraciətlər aktuallaşmalıdır.

Tibb üzrə fəlsəfə doktoru İlahə Quliyeva bildirib ki, qadına şiddətin fiziki, psixoloji, iqtisadi ve cinsi səbəbləri var: “Azərbaycanda qadına şiddət yeni bir istiqamət alıb. Hələ dünyaya gəlməmiş qız uşaqlarına göstərilən şiddətdən tutmuş ana olduqdan sonrakı dönəmlərə qədər. Buraya süni aborta təhrik etmə təşəbbüsləri, oğlana hamilə qala biməmələrinə görə aşağılanma və boşanmaları qeyd etmək olar. 

Yalnız qadınların sonsuzluğun müayinə və müalicəsinə təşvik edilməsi, kişilərin isə diaqnostik məqsədli sadə rutin analiz belə vermək istəməməsi  hələ də günümüzdə sıx görülməkdədir.Ailə qurduqdan sonra həyat yoldaşından cinsi yolla keçən infeksion xəstəliklər səbəbilə gənc qadınlarda yaranan boru mənşəli sonsuzluğun müalicəsindən boyun qaçırıb, daha sonra boşanıb, qadınını yarı yolda qoyanlarla rastlaşırıq. 


Son dönəmlərdə isə artan bir yeni tendensiya vardır. Bu da doğumdan sonra qadın orqanizmində, xüsusən aşağı qadın orqanlarında doğum travmaları ilə əlaqəli yaranmış bir sıra xoşagəlməz halların üzə çıxmasıdır. Təbii ki, bu kimi dəyişikliklər qadınların sosial həyatlarını pozan, özgüvən hissini azaldan, cinsi həyatlarına təsirsiz ötüşməyən ciddi bir haldır. Ailə içində qadının yerini nəzərə alsaq, analıq vəzifələri, qadınlıq vəzifələri və digər qayğılar içində qadınların yaşadıqları dərin sağlıq və psixoloji sıxıntıları təsəvvür etmək çətin deyildir. Belə bir ailədaxili şiddət yaşayan qadın necə xoşbəxt ola övlad böyüdə bilər?”

İlahə Quliyeva qeyd edib ki, sadalanan problemlərin həlli üçün insanları maarifləndirməyə ehtiyac var.

Dəyirmi Masa daha sonra digər rəsmi şəxslərin çıxışları ilə davam edib. Tədbir çərçivəsində mövzunu əhatə edən videoroliklər və Pantomim Teatrının aktyorlarının ifasında mini-tamaşa nümayiş olunub.