Ermənistan labirintdə KÜNCƏ SIXIŞDI: QAÇIŞ YOXDUR – ŞƏRH
    • 27-11-2021, 16:14
    • 1 002

Ermənistan labirintdə KÜNCƏ SIXIŞDI: QAÇIŞ YOXDUR – ŞƏRH

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Görüşün mahiyyəti, nəticələri, imzalanan bəyanatın hansı səviyyədə effektiv olacağı Azərbaycan ictimaiyyətini maraqlandıran məqamlardır. 


Bu suallara cavab tapmaq üçün politoloqlarla həmsöhbət olduq. 

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov News24.az-a açıqlamasında bildirib ki, bəyanatda əksini tapmayan, ancaq görüşdə müzakirə olunub, razılaşdırılan məsələlər daha çoxdur: 


“Görüşdə 1 il ərzində öz həllini tapmayan mövzuların müzakirəsi reallaşıb. Buraya Qarabağda qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələrin tərksilah edilib, Ermənistana göndərilməsini və dəhlizlər məsələlərini qeyd edə bilərik. Söhbət təkcə Zəngəzur yox, həm də Laçın dəhlizindən gedir. Üçüncü mövzu isə sərhədlərdir. Burada da biz görürük ki, məsələlər tam həllini tapmayıb. Anlaşılan bu idi ki, Ermənistan tərəfi bu mövzuların müzakirəsini istəmir, ya da öz xeyrinə uyğun olan səpkidə həll olunmasına razılıq verir. Elə buna görə də Paşinyan Soçi görüşündən öncə hadisələri qabaqlamaq istəyindən irəli gələrək, Ermənistan ictimaiyyəti və tərəflər üçün sərt mövqeyini açıqlamışdı”.

Zamana ehtiyac var

Ekspert qeyd edib ki, məsələlərin həlli asan olmayacaq: “Biz başa düşməliyik ki, Ermənistanın işğal siyasəti 30 il davam edib. Bizim ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası vaxt aparacaq. Bütün problemlər 1 gündə həll oluna bilməz. Soçi görüşü isə proseslərin tərkibinə daxil olan mərhələləri addımlardan biridir. Əsas odur ki, Azərbaycan tərəfi məqsədinə nail olmaq üçün israrlıdır. Proseslərin həllinin asan olmamasının səbəbi təkcə tərəflərin narazı olmasından ibarət deyil. Ermənistan ictimaiyyətinin vəziyyətini və formalaşan mövqeyini düzəltmək üçün vaxt lazımdır. Azərbaycanın bu məsələdə hərbi, iqtisadi, geosiyasi mövqeyi üstün və güclüdür. Hesab edirəm ki, biz məqsədimizə nail olacağıq”.

Politoloq Şahin Cəfərli bildirib ki, bu görüş 10 noyabr 2020-ci il bəyanatının ildönümündə baş tuta bilərdi:


“Amma böyük ehtimal ki, Ermənistanın daxili siyasətindəki problemlər və ya hökumətin tərəddüdləri görüşün baş tutmağına imkan vermədi. Daha sonra Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə Əliyev-Paşinyan görüşü razılaşdırıldı. Ancaq çox keçmədən Rusiya məsələyə müdaxilə edib, SOS görüşü təşkil etdi. Rusiya bu məsələdə təşəbbüsü Qərbə buraxmaq istəmədi”. 

Ş.Cəfərli görüşdən hər hansısa sensasion nəticənin əldə olunmadığını qeyd edib: “Qəbul edilən bəyanat isə yekun deyil. Azərbaycan və Ermənistan özləri delimitasiya ilə bağlı anlaşıb, ikitərəfli komissiya yaratmalıdır. Demarkasiya prosesində isə Rusiyanın konsultativ yardımından istifadə olunacaq. Zənnimcə, Rusiya öz əlində olan xəritə ilə demarkasiya prosesinin icra edilməsinə vasitəçi olacaq. 

Sərhəd xəttinin delimitasiya və demarkasiyası düşmənçilik və ədavəti olmayan ölkələr arasında belə tez reallaşan məsələ deyil. O ki qaldı Azərbaycan və Ermənistan arasında rahat icra edilsin. Fikrimcə, bu nüanslarda ləngimələr olacaq”. 

Sərhədlər müəyyənləşsə, Ermənistanın bəhanələri sona çatacaq

Politoloq Natiq Miri vurğulayıb ki, Azərbaycan Qarabağdakı problemlərin həlli üçün tərəfləri görüşə təkid etməsə, həm Ermənistan, həm də Rusiya prosesdən məmnun idi:


“Çünki hər iki tərəf zaman qazanırdı. Yeni sərhədlərin müəyyən olunması bizim üçün çox vacibdir. Delimitasiyada bütün ərazilər: şəhərlər, kəndlər və s. hamısı yer alır. Bu isə zaman alan məsələdir. Tez başa gələn demarkasiyanın, yəni ayırıcı xəttin reallaşdırılmasıdır. Ayırıcı xəttlə bağlı məsələ razılaşdırıldığı təqdirdə Ermənistan “Azərbaycan bizim torpaqlarımızı işğal edir” yalanlarını deyə bilməyəcək. Bu nüans həmçinin hərbi təxribatların qarşısını alacaq”. 

Politoloq Zəngəzur dəhlizi ilə bağlı məsələyə belə münasibət bildirib: “Görüşdə Zəngəzurun dəhliz olaraq açılıb-açılmayacağı bildirilmədi. Yəqin ki, Azərbaycan bu iddiasından əl çəkməyib. Çünki 10 noyabr sənədinin 6 və 9-cu müddəasında təkrar olunan cümlələr var. Bu maddələrdə göstərilir ki, Ermənistan Zəngəzur dəhlizində açılacaq yolda nəqliyyat, vətəndaşlar və yüklərin daşınmasına təminat verir. Paşinyan bu cümlədən istifadə edərək, Ermənistanın öz suveren hüquqlarını tətbiq edərək, həm sərhəd, həm gömrük, həm də fitosanitar qurumlarını yaradacağını elan edir. Ancaq o anlamır ki, bu cümlə əslində, qurumların yaradılmasını ifadə etmir. Azərbaycan ictimaiyyəti də bu cümləyə ciddi diqqət etməlidir. Bu, o deməkdir ki, Azərbaycan və Ermənistan ikitərəfli gəliş və gedişlərə, istər nəqliyyat, istərsə də yüklərə bütün mənalarda təminat verir. Burada söhbət hansısa qurumların yaradılmasından getmir. Ermənistan Zəngəzurda bu qurumları yaradacaqsa, paralel olaraq eyni hadisə Laçın dəhlizində də baş verəcək və sərhəd bağlanacaq. Zənnimcə, bu məsələ də, Azərbaycanın maraqları kontekstində həll olunacaq. 

Rusiya məsuliyyətini anladı

Görüşdə Ermənistanın qaça bilməyəcəyi konkret zaman müəyyənləşdi. Yəni ilin sonuna qədər delimitasiya və demarkasiya ilə bağlı dəqiq mexanizmlərin yaradılması məsələsi razılaşdırıldı. Əgər Paşinyan növbəti dəfə vaxtı uzatsa, artıq Rusiyanın vasitəçiliyi sual altında qalacaq. Konkret vaxtın müəyyənləşdirilməsi çox müsbət bir hadisədir”. 

Politoloq son olaraq çox vacib bir məqama da toxunub: “Putin vurğuladı ki, biz 10 noyabr, 11 yanvar sənədlərini bütün rakurslarda müzakirə etdik və icra olunmayan bütün boşluqları ortaya çıxardıq. Artıq bundan sonra 10 noyabr sənədinin müddəaları ardıcıllıqla icra olunacaq. Birinci, ikinci və üçüncü maddələr yerinə yetirilib. Növbə dördüncü maddədədir. Dördüncü maddə isə erməni silahlılarının Qarabağdan çıxarılmasını özündə ehtiva edir. Artıq bu məsələ də danışıqlarda həllini tapıb. Bu problem həll olmadığı təqdirdə digər maddələrin həllini tapmasında çətinlik yaranacaq. Bütün məsələlər həll olunduqdan sonra böyük sülhə doğru irəliləmək mümkün olacaq. Azərbaycan məsələlərə həssas yanaşıb, öz nəzarətində saxlamalıdır. 1 il az müddət deyil. Bu müddət ərzində bütün məqamlar həllini tapmalı idi. Əgər proseslər qaydasında olsaydı, ikinci bəyanata ehtiyac qalmayacaqdı. Ancaq bu, baş vermirsə, birbaşa Ermənistan və Rusiya məsuliyyət daşıyır. Ona görə də dünən ikinci bəyanat imzalandı. Zənnimcə, Putin bu məsuliyyəti hiss edib, 16 noyabrda baş verən hərbi münaqişənin böyük bir müharibəyə gətirib çıxaracağını anladı. Növbəti müharibə nəinki Qərbi Zəngəzurun, həmçinin Azərbaycanın zamanında Ermənistana verdiyi bütün şəhərlərin yenidən qaytarılması ilə nəticələnə bilər. Nəticədə regionda fərqli vəziyyət yaranar. Bu isə Rusiya və İran üçün arzuolunan situasiya deyil”.

Siyasət şöbəsi