“40 manata sınaq imtahanı olar?” – DİM-dən valideynlərin narazılığına CAVAB
    • 30-11-2021, 15:09
    • 941

“40 manata sınaq imtahanı olar?” – DİM-dən valideynlərin narazılığına CAVAB

Dövlət İmtahan Mərkəzi dekabrın 19-da qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. I,II, III, IV ixtisas qrupları üzrə sınaq imtahanında iştirak etmək istəyənlər 40 manat, III qrup abituriyentlərindən coğrafiya fənnindən imtahan vermək istəyən olsa, əlavə olaraq 15 manat da ödəməlidir. Yəni III qrup abituriyentləri sınaq imtahanında iştirak etmək üçün 55 manat ödəniş etməlidir.

Sınaq imtahanlarının qiyməti valideynlərin narazılığına səbəb olub. III qrup abituriyentləri isə qərarın obyektiv olmadığını iddia edirlər.

Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı News24.az-a açıqlama verib: “DİM publik hüquqi şəxsdir, göstərdikləri xidmətə görə haqq müəyyən edilir. Çünki resurslar sərf olunur. Amma sınaq imtahanına 55 manatlıq resurs sərf edilmir. Qəbul imtahanlarında əlavə qüvvə cəlb edilir, təhlükəsizlik tədbirləri görülür ki, bunu anlamaq olar. Ancaq abituriyentlər təkcə 55 manat ödəmir, digər xərclər də yaranır. Sınaq imtahanı 2016-cı ilə qədər 3 manat, 2020-ci ilə qədər 20, indi isə 40 + 15 manat = 55 manat olub. Düşünürəm ki, ölkədə artıq rəsmi alternativ imtahan təşkil edəcək quruma ehtiyac var. Təkbaşına rəqabət olmur”.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin də mövqeyini öyrəndik. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə saytımıza açıqlamasında bildirib ki, sınaq imtahanlarının qiymətində hər hansı bir dəyişiklik yoxdur: “Bu növ sınaq imtahanları 2020-ci ilin əvvəllərində də keçirilmişdi və eyni qiymət idi. Daha sonra pandemiya şəraitinə görə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanları keçirilmədi. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və büdcədən maliyyələşmir. Ümumiyyətlə, hər hansı bir imtahanda iştirak etmək üçün tələb olunan ödəniş məbləğinin müəyyən edilməsi üçün DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər və s. ətraflı şəkildə araşdırılır və qiymət müəyyən edilərkən nəzərə alınır”. 

DİM sözçüsü qeyd edib ki, 3-cü ixtisas qrupu üzrə imtahana yazılanlardan da hər hansı əlavə ödəniş tələb olunmur: “Bu qrupda 2 altqrup var. Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları TC, digər ixtisaslar isə DT altqrupunda cəmlənib. İmtahan qiyməti də təbii ki, eynidir. Sadəcə olaraq kimsə hər iki, yəni həm TC, həm də DT altqrupuna aid ixtisasları seçmək istəsə əlavə olaraq coğrafiya fənni üzrə imtahan verməlidir. Bu seçim isə tam sərbəstdir. Yalnız bu zaman əlavə olaraq coğrafiya fənni üçün 15 AZN iştirak haqqı tələb olunur. 

Bir məsələni də qeyd edə bilərəm ki, DİM tərəfindən abituriyentlər üçün əlavə bir imkan kimi otk.az portalı vasitəsilə onlayn sınaq imtahanları keçirilir. Bu imtahanların keçirilməsinə az vəsait sərf olunur və qiymətlər 1, 3 və 5 manatdır”.