Gürcüstanda Rəşid Behbudovun xatirəsi ANILACAQ
    • 10-12-2021, 15:44
    • 931

Gürcüstanda Rəşid Behbudovun xatirəsi ANILACAQ

Dekabrın 14-də Gürcüstanın paytaxtı Tbilisidə dünya şöhrətli sənətkar, Azərbaycan və SSRİ-nin Xalq artisti, Rəşid Behbudovun anadan olmasının 106-cı ildönümünə həsr olunan xatirə konserti keçiriləcək. 
  
News24.az xəbər verir ki, tədbir Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Tbilisi Dövlət Konservatoriyasında təşkil olunacaq.

Xatirə konsertinin keçirilməsinə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR şirkəti dəstək göstəriblər. 

Konsertdə gürcü və azərbaycanlı solistlər Rəşid Behbudovun repertuarından mahnılar ifa edəcəklər. Tədbirdə böyük müğənni ilə tanışlığı olmuş Gürcüstanın tanınmış mədəniyyət və ictimai xadimləri də çıxış edəcəklər. 

Proqramda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin gənc musiqiçiləri də çıxış edəcəklər.